Qəzalı vəziyyətdə olan məktəb binası ilə maraqlanan yoxdur

Cəlilabad şəhər texniki və humanitar fənlər təmayüllü 8 saylı məktəb-lisey binası qəzalı vəziyyətdədir.

Bu barədə Oxu.Az-a şagirdlərin valideynləri tərəfindən ünvanlanan şikayətdə bildirilir.

Valideynlərin sözlərinə görə, rayon mərkəzində yerləşən qəzalı məktəbin vəziyyəti ilə maraqlanan yoxdur:

“Məktəb binası bərbad vəziyyətdədir. Valideynlər uşaqları üçün narahatdır. Heç kim övladının qəzalı vəziyyətdə olan məktəbdə təhsil almasını istəmir. Bu da məktəbdə şagird sayının azalmasına gətirib çıxarır. Məktəbdə istilik sistemi quraşdırılmayıb. Müəllimlər sobada odun yandırmaqla sinif otaqlarını qızdırmağa çalışır. 

Məsələ ilə bağlı cavabdeh orqanlara müraciət etmişik. Hər dəfə məktəbin təmir olunacağını desələr də, heç bir nəticə yoxdur. Xahiş edirik, bu problemin həlli üçün köməklik göstərəsiniz”.