Peşəkar media qətiyyətini göstərməlidir – Feyk xəbərlər artıb   


 Elçin Mirzəbəyli:“Sosial şəbəkələrdə dəqiqləşdirilməmiş məlumatların dövriyyəyə buraxılması ciddi problemlərə  yol açır”



Prezident İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. Açılış mərasimində ölkə başçısı çıxış edərək bir neçə məsələyə münasibət bildirib. Prezident bunları qeyd edib:“İndi dünya qloballaşır, informasiya heç bir sərhəd tanımır, - bu da müsbət haldır, - amma bununla bərabər dezinformasiya da heç bir sərhəd tanımır, feyk xəbər anlayışı 5-6 il bundan əvvəl mövcud deyildi. İndi bu, həqiqətdir və bunu etiraf edənlər dünyanın aparıcı ölkələrinin dövlət başçılarıdır. Onlar da bundan əziyyət çəkirlər. Media bir tərəfdən artıq bütün sərhədləri aşaraq hər bir ölkəyə qədəm qoyur və bu, müsbət haldır. Bildiyiniz kimi, Azərbaycanda da media azadlığı var, internet azaddır, heç bir senzura yoxdur. Digər tərəfdən, informasiya təxribatları, yalan məlumat, şər-böhtanla dolu məlumat da sərhədləri aşır. Biz buna hazır olmalıyıq, xüsusilə gənclər. Ona görə bilməliyik ki, bizim uğurlu inkişafımızı bizdən çox istəyən yoxdur və taleyimiz öz əlimizdədir. Artıq 30 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq və müstəqillik hər şeydən dəyərlidir. Ona görə milli dəyərlər, müstəqillik və müasirlik gələcək inkişafımız üçün çox önəmli amillərdir. Çünki biz doqmatizmdən uzaq olmalıyıq. Doqmatizm hər bir cəmiyyətin inkişafına əsas əngəldir”.



“Azərbaycan gəncləri və ümumilikdə, bütün sosial şəbəkə hesabı olan vətəndaşlarımız informasiyaların dəqiqləşdirilməsinə diqqət yetirməlidirlər” 


Prezidentin çox önəmli bir məsələyə toxunduğunu söyləyən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru  Elçin Mirzəbəyli “Sherg.az”a söyləyib ki, informasiya təhlükəsizliyi fərdlər üçün deyil, dövlətlər üçün də önəm kəsb edir:

“Bu gün yalan və böhtan xarakterli feyk xəbərlərin sürətlə yayıldığının şahidiyik. Sosial şəbəkələr də buna imkan verir. Artıq bir sıra ölkələrdə yalan məlumatların 24 saat ərzində sıradan çıxarılması ilə bağlı müvafiq qanunlar qəbul edilir və sosial şəbəkə rəhbərləri ilə belə bir müqavilənin  bağlanması gözlənilir. Bu proses feysbuk, tvitter və digər resurslar üçün də keçərlidir. Artıq dünya fayk xəbərlərin nə qədər təhlükəli olduğunu  başa düşməkdədir. Sosial şəbəkələrdə yaranmış arzuolunmaz durum, dəqiqləşdirilməmiş xəbərlərin dövriyyəyə buraxılması nəticədə ciddi problemlərə  yol açır. Bir məqamı xatırladım. Bir müddət öncə, Avropa Şurası sosial şəbəkə istifadəçilərinin hər hansı bir məlumatı yayarkən daha çox peşəkar media qurumlarının xəbərlərinə istinad etməli olduqlarına dair fikirlər səsləndirirdi. Bu mənada düşünürəm ki, hazırda bu halın qarşısının alınmasında peşəkar media mühüm rola malikdır. Azərbaycan gəncləri və ümumilikdə bütün sosial şəbəkə hesabı olan vətəndaşlar məlumatların dəqiqləşdirilməsinə diqqət yetirməlidirlər”. 

Baş yazar onu da diqqətə çatdırıb ki, sosial media aktual olmazdan əvvəl, bu işi peşəkar mətbuat orqanları yerinə yetirirdilər:

“İnsanlar məlumatı peşəkar mediadan alırdılar. Peşəkar media və professional jurnalist hər hansı bir xəbəri dəqiqləşdirdikdən sonra dövriyyəyə buraxırdı.  Amma indi sosial şəbəkələrdə vətəndaşın özü də xəbər mənbəyinə çevrilirsə, o da aldığı hər bir məlumatı dəqiqləşdirməlidir. Onun də üzərində bir məsuliyyət var. Bu, vətəndaşlıq məsuliyyətidir. O adam ya peşəkar medianı izləyib, xəbəri oradan yaymalı, ya da aldığı məlumatı dəqiqləşdirdikdən sonra yazmalıdır. Çünki onun üçün də cinayət məsuliyyəti var. Bunu dövlət maraqları tələb edir. Dövlət maraqları ifadəsini bəzən fərqli istiqamətə yönəltmək istəyirlər. Amma dövlət maraqları ölkənin milli və təhlükəsizlik maraqlarıdır. Bu, hər bir Azərbaycan vətəndaşının marağıdır. Çünki  ölkə təhlükəsizliyinin qorunması həm də Azərbaycan vətəndaşının mənafeyinin qorunmasıdır.
Sosial şəbəkələrə çıxış əldə edən fəal gənclərimiz cənab Prezidentin bu çağırışını çox ciddi şəkildə diqqətə almalıdırlar. Fake xəbərlərə qarşı mübarizədə aktiv olmalıdırlar”.