60 erməni Azərbaycan parlamentinə keçirilən seçkilərdə necə səs verdi?

“Ölkəmizdə 9 fevral günü keçirilən parlament seçkiləri zamanı Ermənistanda 60 nəfər erməni Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) vasitəsi ilə səs verib. Həmin səs verən ermənilər Azərbaycan vətəndaşlarıdır”.

Bu sözləri Sherg.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyib.

O bildirib ki, həmin şəxslərin adlarının açıqlanması onların təhlükəsizliyini zərbə altında qoya bilər:

“Ermənistanın xüsusi orqanları həmin 60 nəfərin axtarışındadır. Bu şəxslərin bir neçəsi Dağlıq Qarabağda səs verib. Hansı ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və onların rahat şəkildə səsvermə imkanları var. Çünki bu şəxslər Azərbaycan vətəndaşlarıdır, həm də ərazi Azərbaycanındır. Onsuz da seçkilərdən bir neçə gün əvvəl MSK bununla bağlı çağırışında bildirmişdi ki, erməni vətəndaşlarımız seçkilərdə iştirak edə bilər. Düzdür, bu prosesin necə baş tutduğunu deyə bilmərik. Amma ortada dəqiq bir fakt var ki, 60 nəfər erməni Azərbaycandakı seçkilərə səs verib”. 



Əziz Əlibəyli: “Seçkilərdən bir neçə gün əvvəl MSK bununla bağlı çağırışında bildirmişdi ki, erməni vətəndaşlarımız seçkilərdə iştirak edə bilər”


Ə.Əlibəylinin sözlərinə görə, bu şəxslərin səs verməsi Ermənistanda bomba effekti yaradıb:

“Çünki Paşinyan hakimiyyətə gəldikdən sonra Azərbaycana qarşı çox sərt davrandı. Lakin onun problemi yalnız Azərbaycan deyil. Paşinyanın problemi həm də hakimiyyətdə möhkəmlənməkdir. Çünki ondan qabaqkı prezidentlərin adamları Dağlıq Qarabağda hakimiyyətdədir və çox güclüdürlər. Bu baxımdan Paşinyan 2 il ərzində çalışır ki, idarəetməni tam şəkildə həyata keçirsin. Dağlıq Qarabağda Azərbaycana səs verən ermənilərin ortaya çıxması Paşinyanın mövqeyinə dəhşətli dərəcədə təsir göstərib. Çox güman ki, yaxın günlərdə həmin 60 nəfər şəxsi tapıb boğazından asa bilməsələr belə, Paşinyan Dağlıq Qarabağda öz adamlarını idarəetməyə gətirmək üçün ya Qarabağda qarşıdurma yaradacaq, ya da cəbhədə təxribatlar baş tutacaq. Nəticədə istəmərik ki, cəbhədə olan əsgərlərimizə nəsə olsun. Amma bu mənfur adamlar belə məsələlərdə ciddi rol oynayırlar. Təəssüf ki, hər zaman baş verənlərin acısını bizim əsgərlərimiz çəkir”.