Seçkilər şəffaf şəkildə keçirildi: Bunu beynəlxalq müşahidəçilər də etiraf edib

“Bəzi prosedur səhvləri nəzərə almasaq, seçkilər yüksək səviyyədə təşkil olunmuşdu və vətəndaşlar öz iradəsini ifadə etmək imkanı əldə etmişdilər”. Bunu Sherg.az-a açıqlamasında Prezident İlham Əliyevin Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılış mərasimində səsləndirdiyi fikirlərə münasibət bildirərkən millət vəkili Azər Badamov deyib.

Deputat bildirib ki, növbədənkənar parlament seçkiləri şəffaf şəkildə keçirilib. Bunu ölkəmizə gələn beynəlxalq müşahidəçilər də etiraf edib: 

“Azərbaycan yüksək seçki təcrübəsinə malikdir. Beynəlxalq müşahidəçilərin səsləndirdiyi fikirlərdə də qeyd olundu ki, Azərbaycanda keçirilmiş parlament seçkiləri dünyanın bir çox ölkələri üçün nümunə ola bilər. Bununla yanaşı ölkə başçısı Kürdəmirdə “ASAN Xidmət” mərkəzinin açılışı zamanı “ASAN könüllüləri” ilə söhbətində də bu məsələyə toxundu. Prezident qeyd etdi ki, seçkilərlə bağlı edilən şikayətlər də araşdırılacaq və hər hansı bir pozuntu baş veribsə, həmin pozuntuya yol vermiş şəxslər cəzalarını alacaq. Eyni zamanda Mərkəzi Seçki Komissiyası məsələnin araşdırılacağını bildirdi. Əlbəttə, sonda yekun qərar qəbul ediləcək. Formalaşacaq yeni parlament ölkənin inkişafına öz töhfəsini verəcək”.



Azər Badamov: “Formalaşacaq yeni parlament ölkənin inkişafına öz töhfəsini verəcək”


A.Badamov ölkədə həyata keçirilən gəncləşmə siyasətindən də danışıb: 

“Artıq idarəetmə sistemində gəncləşmə siyasəti öz əksini tapıb. Eyni zamanda məhkəmə sistemində də bu istiqamətdə müəyyən addımlar atılıb. Növbəti gəncləşmə siyasəti qanunverici orqanda özünü əks etdirəcək. Parlament seçkilərində rekord sayda namizəd iştirak etdi. Onların əksəriyyətini də gənclər təşkil edirdi. Bunu da onlara olan inamın ifadəsi kimi qeyd etmək olar. Ancaq parlament elə bir orqandır ki, orada bütün üzvlərin yüz faiz gəncləşməsi qeyri-mümkündür. Təcrübəli millət vəkillərinin də qalmasına ehtiyac var. Xalq tərəfindən həmin təcrübəli millət vəkilləri dəstəklənib və onlara etimad göstərilib. Hansı namizədin xalq içərisində daha çox etimad və dəstəyi varsa, o da seçilməlidir”.