Spirtli içkidən ölənlərin sayı niyə çoxalıb? – HƏKİMDƏN İZAH

Bakıda ölüm hadisəsi baş verib. Nizami rayon sakini, 1949-cu il təvəllüdlü Mirzəyev Yuriy Qasanoviç zəhərlənmə diaqnozu ilə Klinki Tibbi Mərkəzə daxil olub. Y.Mirzəyevin qəbul etdiyi spirtli içkidən zəhərləndiyi bildirilir.

Son vaxtlar alkoqollu içkilərin qəbulu zamanı zəhərlənmə və ölüm kimi hallara çox rast gəlinir. Müəyyən xəstəlikdən əziyyət çəkən şəxslərin həddindən artıq spirtli içki qəbul etməsi müxətlif fəsadlara yol açır. Bu baxımdan, hazırlanma şəraiti məlum olmayan, keyfiyyətsiz, həmçinin müəyyən texniki standartlara cavab verməyən içkilər sağlamlıq üçün ciddi fəsadlar törədir. 

Tibb elmləri doktoru, professor-həkim Adil Qeybulla Sherg.az-a açıqlamasında bildirib ki, baş verən hadisə ilə bağlı məhkəmə-tibbi ekspertiza həyata keçirilməlidir. 



Adil Qeybulla: “Alkoqollu içkilər texniki standartlara uyğun gəlmədikdə ölümdən başqa korluğa da səbəb ola bilər”


Professor qeyd edib ki, həyatını dəyişən şəxsin həqiqətən də içki qəbulu səbəbindən öldüyü aşkarlanmalıdır:

“Çünki ölən şəxsin sağlamlığı ilə bağlı müəyyən problemləri ola bilər. Məsələn, ciddi ürək patalogiyasından və ya qaraciyər serrozundan əziyyət çəkən xəstələr var. Belə xəstəliyi olan şəxslər də alkoqollu içkiləri qəbul edərkən müxtəlif problemlərlə rastlaşa bilərlər. Ola bilsin ki, qəbul edilən spirtli içkinin tərkibi texniki standartlara uyğun deyil və yaxud içkinin tərkibində həddindən artıq etil spirti olduğu üçün bu, ölümə gətirib çıxarıb”.

Professorun sözlərinə görə, alkoqollu içkilər texniki standartlara uyğun gəlmədikdə ölümdən başqa korluğa da səbəb ola bilər:

“Bəzən aşırı doza həddində spirtli içkinin qəbul edilməsi yuxululuq və komaya gətirib çıxarır. Dəqiq araşdırmalardan sonra konkret rəy vermək mümkündür. Alkoqollu içki aşağı keyfiyyət parametrindədirsə, texniki standartlara uyğun hazırlanmayıbsa və tərkibində etil spirti varsa, bu, insan həyatı üçün olduqca təhlükəlidir. Bu yaxınlarda spirtli içkidən başqa ölüm halları da qeydə alınıb. Araşdırma zamanı bəlli oldu ki, həmin içkilərin tərkibində 70 faizə qədər etil spirti var. Bu faiz ölümcül dozadır. Orqanizm zəifdirsə aşırı dozada içki qəbul etmək də təhlükəyə və ölümə səbəb olur”.