“Bu, ideyanın müəllifi əsgərlikdə olmayıb?!” - Hərbçilərin narkoloji müayinədən keçirilməsi sərt qarşılandı

Azərbaycanda hərbçilər icbari narkoloji müayinədən keçəcək. Bu barədə "Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2020-ci il üçün İş planı"nda qeyd olunub. İş Planında narkomanlığın erkən müəyyən edilməsi və profilaktikası məqsədilə çağırışçıların və həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların icbari narkoloji müayinədən keçməsi məsələsinə qanunvericiliyə uyğun olaraq baxılması nəzərdə tutulub. Bununla bağlı Nazirlər Kabineti, Daxili Işlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə tapşırıqlar verilib.

Hərbi eskpert Üzeyir Cəfərov isə Sherg.az-a açıqlamasında deyir ki, təklif məntiqsziddir: 

“İş planı üçün hansı əsasla belə bir yenilik nəzərdə tutulub? Onsuz da hərbi xidmətə cəlb edilərkən  gənclərin sağlamlıqları yoxlanılır. Onlar həm də narkoloji klinikada müayinədən keçirlər. Ona görə də mən təklifi əsassız hesab edirəm”. 

Ekspert belə hesab edir ki, hərbi qulluqçularda xidmət müddətində narkoloji maddələrə hansısa meyillərin yaranması ehtimalı da azdır. Bu kimi hallarda isə onlar xidmətdən kənarlaşdırılırlar: 

“Əsgərlər, gizirlər, zabitlər və digər hərbi qulluqçular daim komandilərlərinin, rəislərinin nəzarəti altında olurlar. Hərbi xidmət müddətində onlarda siqaretə, spirtli içkiyə maraq yarana bilməz. Belə hal olduqda isə tez bir zamanda yüksək rütbəli şəxslər tərəfindən aşkarlanır və həmin qulluqçu haqqında müvafiq tədbir görülür. Çünki narkoloji asılılığı olan şəxsin hərbi xidmətini davam etdirməsi düzgün deyil. Bu, ciddi problemlərlə nəticələnə bilər. Qarşı tərəfin asanlıqla hərbi qulluqçunun asılılığından istifadə edərək onu ələ alma təhlükəsi var. Bu səbəbdən də hərbi hissələrdə qeyd etdiyimiz məsələlərə çox ciddi yanaşılır. Mənə elə gəlir ki, bu ideyanın müəllifi hərbi xidmətdə olmayıb. Ya da, onun hərbinin qaydalarından xəbəri yoxdur”. 



Üzeyir Cəfərov: “Bu ideya Azərbaycan ordusu və ümumilikdə ölkəmiz haqqında mənfi imic yarada bilər. Çünki ölkəmizdə narkotik maddələrə meyillilik elə də çox deyil”


Təklifin hansı səbəbdən edilməsi hələ ki, məlum deyil. Bu zərurəti doğuran səbəblərdən biri kimi narkoloji klinikaların öz işlərinə laqeyd yanaşması göstərilə bilər. Amma Üzeyir Cəfərov bu variantla razılaşmır: 

“Əgər kimsə öz işinə etinasız yanaşırsa, bu, onun məsuliyyətsizliyindən irəli gəlir. Narkoloji klinikalarda belə səhlənkarlıqlara yol verilməsinə inanmıram. Çünki hərbi hissə rəisi sağlamlıq kağızını hansısa özəl müəssisədən qəbul etmir. Ona təqdim edilən kağız rəsmi təsdiqlənmiş sənəd olmalıdır. Elə isə kim risk edib narkomana sağlamlıq kağızı verə bilər?”. 

O, açıqlamasında, həmçinin qeyd etdi ki, qanunvericiliyə əlavə və düzəlişlər edilərkən ekspertlərin də fikirləri öyrənilməlidir. Həmsöhbətimizin sözlərinə görə, heç bir əlavə və düzəliş təsadüf nəticəsində, kiminsə istəyinə görə edilə bilməz: 

“Milli Məclisdə qanuna əlavə və düzəlişlər edilərkən mütləq həmin sahənin mütəxəssisləri ilə məsləhətləşmək lazımdır. Bir gündə qanuna 50-60 düzəliş edilə bilər. Lakin məntiqi əsası olmayandan sonra onlar mövcud vəziyyəti yaxşılaşdırmaq əvəzinə, daha xaotik vəziyyət yaradacaq”. 

Ü.Cəfərov düşünür ki, bu ideya Azərbaycan ordusu və ümumilikdə ölkəmiz haqqında mənfi imic yarada bilər: 

“Çünki ölkəmizdə narkotik maddələrə meyillilik elə də çox deyil. Azərbayan nə Kolumbiyadır, nə Meksika, nə Boliviya... Bilmirəm, niyə bu ideya meydana gəlib. Bildiyim odur ki, buna ehtiyac yox idi”.