Bahalı xidmətlər icbari tibbi siğortaya aid edilmir - SƏBƏBLƏR



Orqan köçürülməsi böyük maliyyə tələb edir. Ona görə də bu xidmət icbari tibbi siğortaya şamil edilmir


“Aprelin 1-dən yalnız işləyən Azərbaycan vətəndaşlarının əmək haqqından icbari tibbi sığorta haqqı tutulacaq. 250 manat maaş alanlar 10 manat ödəyəcəklər”


Azərbaycanda bu il icbari tibbi sığorta sisteminə daxil olmayan tibbi xidmətlərin adları açıqlanıb. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov bildirib.Onun sözlərinə görə, icbari tibbi sığorta sisteminə cari ildə daxil olmayan xidmətlər psixi davranış pozuntularının müayinə və müalicəsi, QİÇS, orqan transplantasiyası, ambulator şəraitdə dərman təchizatı, kosmetik prosedurlar və plastik cərrahiyyə, şəkərli diabet, talassemiya xəstələrinin müalicəsi, dializ, stomatoloji xidmətlərdir: “Bu xidmətlərin bu il icbari tibbi sığorta sisteminə daxil olması gözlənilmir. Agentlik çevik mexanizm üzərində çalışır. Qarşıdakı illərdə bu xidmətlər də təminata alına bilər. Bunlar əsasən, dövlət proqramı çərçivəsində maliyyələşən xəstəliklərdir”. 

Məsələ ilə bağlı “Sherg.az”a danışan həkim-allerqoloq Şahvələd Məmmədovun fikrincə, bu, ilk növbədə maliyyə ilə bağlıdır:

“Azərbaycan icbari tibbi sığorta sistemi tətbiq edərkən bir çox dünya ölkələrinin, o cümlədən qonşu Gürcüstanın təcrübəsinə əsaslanıb. Onlarda da belədir. Bəzi xidmətlər icbari tibbi sığortaya daxil deyil. Adətən xərci çox olan xidmətləri icbari tibbi sığortaya aid etmirlər. Misal üçün, orqan köçürülməsi böyük maliyyə tələb edir. Ona görə də bu xidmət icbari tibbi sığortaya daxil edilmir”. 

Həkim onu da qeyd edib ki, icbari tibbi sığorta sisteminin tətbiqi üçün əsas maliyyə yükünü dövlət öz üzərinə götürüb:

“Azərbaycanda 18 yaşınadək şəxslərin, 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslərin, pensiyaçıların, sosial müavinət almaq hüququna malik olan şəxslərin, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinin sığorta haqları dövlət büdcəsi hesabına ödəniləcək. Aprelin 1-dən yalnız işləyən Azərbaycan vətəndaşının əmək haqqından icbari tibbi sığorta haqqı tutulacaq. Yəni minimum aylıq əməkhaqqının 250 manat olması nəzərə alınarsa, aylıq 10 manat icbari sığorta haqqı tutulacaq. Dövlət tərəfindən sığorta haqqı ödənilən vətəndaşlarla sığorta haqqı ödəyən şəxslərin alacağı tibbi xidmətlər arasında heç bir fərq olmayacaq”.

Ş.Məmmədov düşünür ki, bu istiqamətdə vətəndaşlara böyük güzəştlər edilir: “Elə əməliyyatlar var ki, onların xərcinin, az qala, yarısını dövlət öz üzərinə götürür. Bu, mütərəqqi addımdır. Müəyyənləşdirilən 10 manat məbləğ isə heç də təsadüfi olaraq hesablanmayıb. Burada orta aylıq əməkhaqqı, əhalinin orta aylıq xərcləri və s. amillər nəzərə alınıb. Məncə, icbari tibbi sığorta üçün nəzərdə tutulan 10 manat normal məbləğdir”.