Suriya "erməni soyqırımı"na dair qətnaməni Türkiyə ilə münasibətləri gərginləşdiyi üçün qəbul etdi - ŞƏRH


“Lakin bu addımın heç bir hüquqi əsası yoxdur və heç nəyi dəyişmir” 


Suriya parlamentində qondarma erməni soyqırımının tanınmasına dair müzakirələr aparılıb. Belə ki, Suriya parlamenti Birinci Dünya Müharibəsi illərində Osmanlı imperiyasında ermənilərə qarşı kütləvi qətliam törədilməsinin tanınması və hadisələrin pislənməsinə dair qanun layihəsini qəbul edib. 

Suriyanın belə qərar qəbul edəcəyinin gözlənilən olduğunu deyən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Şərq”ə açıqlamasında bildirib ki, qətnamənin qəbul edilməsinin əsas səbəbi Türkiyə ilə Suriyanın münasibətlərinin gərginləşməsi ilə bağlıdır: “Vaxtilə Suriya ona görə belə qərarı qəbul etmirdi, çünki Türkiyə ilə münasibətləri var idi. Amma Əsəd rejimi böyük qətliamlar törədəndən və Türkiyə buna qarşı ortaya müqavimət qoyandan sonra, sanki, Suriya Türkiyə əleyhinə olsun deyə bu qətnaməni qəbul etdi. Lakin bu qərarın heç bir hüquqi əsası yoxdur və heç nəyi dəyişmir”. 



Analitik vurğulayıb ki, Suriya da digər dövlətlər kimi ermənilərdən bir alət kimi istifadə edir:

“Başqa dövlətlər erməni soyqırımını ona görə qəbul etmirdi ki, onlara canı yanır.  Suriya Türkiyəni zəiflətmək və onun əleyhinə çıxış etmək üçün  belə qətnaməni qəbul edib. Eləcə də Suriya erməniləri bəhanə edərək öz düşüncəsinə görə, guya, Türkiyə əleyhinə bir addım atır. Amma bütün bunlar heç nəyi dəyişmir. Türkiyə həmişəki kimi öz yolu ilə gedir. Türkiyənin Suriyadakı maraqları da yerində qalır. Qardaş ölkə bu maraqları qorumaqda və addımlarını atmaqda sərbəstdir”.