51 yaşını qeyd edən baş redaktor: “Jurnalistikada 35 yaşadək qalmağı düşünürdüm” - MÜSAHİBƏ

Bu gün “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının 51 yaşı tamam olub. Akif Aşırlı 1969-cu il fevralın 15-də Qazax rayonunun Daş Salahlı kəndində doğulub. 1986-cı ildə Daş Salahlı kənd 1 saylı orta məktəbini bitirib. 1988-1990-cı illərdə keçmiş SSRİ ordusunda hərbi xidmətdə olub. 1999-cu ildə BDU-nun tarix fakültəsini bitirib. BDU-da təhsil aldığı illərdə paralel olaraq Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub.

2005-ci ildə "Təfəkkür" Universitetində jurnalist ixtisası üzrə magistr dərəcəsi alıb.

Orta məktəb illərindən başlayaraq dövri mətbuatda məqalələri və bədii yazıları çap olunub. Jurnalistlik fəaliyyətinə "7 gün" qəzetində başlayıb və bir müddət "Müxalifət" qəzetində çalışıb. 1996-cı ildə "Şərq" qəzetini təsis edib. Həmin vaxtdan etibarən "Şərq"in baş redaktorudur.

1993-cü ildə ABŞ-ın rəsmi dövlət agentliyi USAİD-in dəvəti ilə bu ölkədə olub. 2005-ci ildə İsveçin Stokholm şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresində məclis üzvü və məclis katibi seçilib. 2007-ci ilə qədər bu vəzifəni icra edib.

"Ağlama, Damcılı bulağı", "Türkün Xocalı soyqırımı", "Nəriman Nərimanovun Kremildə qətli", "Cümhuriyyət mətbuatında Qafqaz İslam Ordusu", "Azərbaycan mətbuatı tarixi (1875-1920)”  kitablarının müəllifi, "Bağanıs Ayrım soyqırımı" kitabının həmmüəllifidir. Tarix üzrə fəlsəfə doktorudur. 2005-ci ildə Akademik Yusif Məmmədəliyev adına mükafata layiq görülüb. 2005-ci ildə jurnalistikanın inkişafında xidmətlərinə görə Azərbaycan Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə mükafatlandırılıb. Ailəlidir, üç övladı var.

Akif Aşırlının Modern.az-a müsahibəsini təqdim edirik.

-51 yaş üçün ən böyük arzunuz, istəyiniz nədir?

-Təbii ki, insanlar arzularla yaşayır və gələcəyə çox böyük ümid bəsləyir. Bu baxımdan mənim də arzularım Azərbaycanla, cəmiyyətin inkişafı və ailəmlə bağlıdır. Ən böyük arzum budur ki, biz Qarabağın açarını tapa bilək. Cəmiyyətdə artıq bu yöndə ciddi oyanışın şahidiyik. İstəyərdim ki, bu həm də Azərbaycan mətbuatına təsir etsin. Azərbaycan jurnalisti əsl peşəkar fəaliyyətini uğurla davam etdirə və layiq olduğu məqama çata bilsin. Azərbaycan gəncləri ilə bağlı da çox ümidliyəm. Düşünürəm ki, çox sağlam nəsil formalaşır. Arxaya baxanda necə çətin zamanı geridə qoyduğumuzu anlayırıq. Bu çəkilən əziyyətlər artıq öz bəhrəsini verir və çox fəal gənclik formalaşır. Arzu edirəm ki, bu gənclik Azərbaycanın inkişafına öz töhfəsini verə bilsin.

-Akif müəllim yaş da 50-ni keçir. Yaş artdıqca məhdudiyyətlər çoxalmır? Yəni yaşın çoxluğu işə mane olmur ki?

- İllər irəlidikcə adam baxıb fikirləşir ki, nəyi etmişəm və nəyi etməmişəm?! Mənim "Şərq" qəzetinin inkişafı ilə bağlı arzu və planlarım çox idi. Düzdür o arzuların əksəriyyətinə nail olmuşuq, amma hələ də reallaşdıra bilmədiyim planlar var. Artıq yeni media bütünlüklə həyatımıza siraət edib. Yeni medianın bu, cür inkişaf etdiyi vaxtda, biz klassik medianı da yaşatmağı bacarmalıyıq. Artıq yaş üstünə yaş gəlir, təcrübə imkan verir ki, nəyi necə edək. Jurnalistika tariximizin araşdırılması sahəsində boşluqlar var. Əvvəllər də araşdırma etməyimə baxmayaraq, bu işdən kənara çəkilmirəm. İndi də arxivlərə gedirəm, araşdırma materialların çox olmasına çalışıram.

-Artıq texnologiyanın inkişafı çap mediasını bir qədər arxa plana atır. Bu məsələ qəzetçiliyə marağınızı azaltmır ki?

- Əslində yeni media dediyimiz saytlar, xəbər portalları da ənənəvi medianın tərkib hissədir. Klassik media ənənələrini qoruyub saxlayan saytlar daha peşəkardır. Hər şey ənənələrin üzərində qurulmalıdır, ənənələrsiz inkişaf da ola bilməz. Biz klassik media ənənələrindən, nə Üzeyir Hacıbəyovdan, nə Məhəmməd Əmin Rəsulzadədən, nə də Nəriman Nərimanovdan imtina edə bilərik. Həsən bəy Zərdabinin qoyduğu ənənləri müasir medianın  bönövrə daşı da hesab etmək olar. Yeni media indi böyük üstünlüklər verir, bu vəziyyət də qəzetlərin yaşam imkanlarını azaldır. Ancaq biz yeniləşən medianın içərisində çap mətbuatını qoruyub saxlamaq barədə düşünməliyik. Düşünürəm ki, dövlət öz dəstəyini hər zaman kalssik mətbuata, çap mətbuatına verib. Lakin biz dövlətin üzərində daima yük olaraq qalmamalıyıq. Reklam bazarı formalaşmalı, yayım siyasətinə yenidən baxılmalıdır.Yeni media sistemində yeni baxışlar, konsepsiyalar lazımdır. İstehsal etdiyimiz məhsulun bazara çıxarılmasında problem var. Onlayn jurnalistika da hələ yeni olduğu üçün biz bu sahədə tam peşəkar ola bilmirik. Klassik media ənənələrindən imtina bilavasitə bizim mətbuat ənənələrimizin məhv olması deməkdir. Problemlərin birgə həlli yolu tapılmalı, maliyyə prinsipləri yenilənməlidir. Çap mediası ilə bərabər yeni medianın da dövlət tərəfindən dəstək alması bizim ən mühüm vəzifəmiz olmalıdır. 

-Nə vaxtsa jurnalistikadan getmək barədə düşünmüsünüz?

- Əvvələr düşünürdüm ki, 35 yaşadək jurnalist kimi çalışım. Sonra başqa sahələrdə özümü sınayaram. Lakin həyat onu göstyərdi ki, mən jurnalistikasız özümü təsəvvür edə bilmirəm. Jurnalistika daimi olaraq araşdırmaq, yazmaq qabiliyyətini hər yaşda insanda qorumağı bacaran bir peşədir. Bəlkə də 5 ay sonra, ya da 1 il sonra jurnalistikadan getdim. Mənim üçün önəmli olan odur ki, "Şərq" qəzeti yaşasın. Ola bilər bu mətbu orqanı məndən də yaxşı idarə edə biləcək kadrlar var. Ola bilsin ki, onlar gələcəkdə məndən də yaxşı ideyalar versinlər. Hər zaman işçi kollektivinin fikrinə həm qəzetin çap versiyası ilə, həm də elektron versiya ilə bağlı fikirlərinə önəm verirəm. Əgər görsəm ki, artıq qəzetdə lazım deyiləm və kollektiv daha da inkişaf edər, onda redaktorluqdan gedə bilərəm. Amma Bakı Dövlət Universitetində Jurnalistika fakültəsində müəllim kimi çalışmaq istəyirəm. Tələbələrlə öz qazandığım təcrübəni bölüşmək istəyirəm. Artıq buna tam hazıram.

-Sizcə müdir, baş redaktor olmaq asandır ya sıravi işçi?

- Jurnalistlərlə yaradıcılıq mübahisələri olan zaman onlara həm qarğış, həm də alqış kimi baş redaktor olmağı arzu edirəm. Deyirəm ki, onda mənim nə çəkdiyimi yaxşı bilərsiniz. Təbii ki, işçi kimi verilən tapşırıqları yerinə yetirmək, yaradıcılıqla məşğul olmaq özü də bir məsuliyyətdir. Ancaq hesab edirəm ki, yenə də baş redaktor olmaq daha çətindir. Tək yazmaqla iş bitmir. Bu yazıları cəmiyyətə çatdıra biləcək sistemi qurmaq lazımdır. Bu sistemi planlamaq, və real təhlükələrdən qorunmaq üçün baş redaktorun iradəsinə, əzminə ehtiyac var. Buna görə də hesab edirəm ki, baş redaktor, rəhbər olmaq elə də yaxşı bir vəzifə deyil.

-Xüsusi olaraq gözlədiyiniz bir təbrik, yaxud da hədiyyə var?

- Həm xaricdən həm də ölkədən xeyli sayda təbrik gəlib. Təbrik edənlərin hər birinə minnətdaram. Xüsusi olaraq təbrik gözlədiyim ailəmdir. Övladlarım hazırda Türkiyədədir, elə səhər açılan kimi zəng edib məni təbrik etdilər. Anamın, xanımımın təbriki mənim üçün ən gözlənilən və mühüm təbrikdir. Mənim üçün ən dəyərli hədiyyə də yaxınlarımın və dostlarımın təbrikləridir. Heç vaxt təmtəraqlı ad günü keçirməmişəm. Nə də ki, xüsusi hədiyyə gözləmişəm. Kimsə mənə dəyər verib təbrik edirsə, bu mənim üçün ən böyük hədiyyədir.