"Azərbaycan ərazilərini erməni işğalından mütləq azad edəcək"-ŞƏRH

Anar İmanov: "Bunu siyasətdə diletant olan Paşinyan və onun komandası gözəl anlayır, amma yenə də seçdiyi yolundan dönmür və bu yanlış qərarın cəzasını çəkəcək"


"Gec-tez Ermənistanda olan bütün girovlarımız doğma yurdlarına qayıdacaqlar. Bu cür hallar dəfələrlə olub. Dəfələrlə Ermənistan mülki vətandaşları güllələyib, öldürüb, girov saxlayıb, sonra isə azad edib".

Bunu "Sherg.az"a siyasi şərhçi Anar İmanov söyləyib. O qeyd edib ki, Ermənistan vəhşicəsinə girovlara aid bütün konvensiyaları pozur, tapdalayır, saymır, amma kor Qərb bunu nədənsə görmür. Ya da, düzünü desək, görmək istəmir:

"Məsələn, Ermənistan tərəfindən mülki şəxslərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyev girovluğa götürüləndən sonra AŞPA-da bu məsələyə heç bir səviyyədə münasibət bildirilmədi. Dilqəm və Şahbazın qondarma “məhkəməsi” keçirildi, AŞPA yenə dillənmədi. Əksinə, Azərbaycanla bağlı nağıllar yaradılır, qarayaxma kampaniyasında bir neçə təlxək yarışır.



Qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi Ermənistan tərəfindən girovluqda saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması üçün böyük
işlər görüb, bütün instansiyaları xəbərdar edib. Bu yaxınlarda Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşdə bu məsələni qaldırıb. Xarici İşlər Naziri Elmar Məmmədyarov ATƏT-in 26-cı Nazirlər Şurasının iclasında çıxışı zamanı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Elena Aymone Sesseranı qəbul edərkən bu məsələyə toxunub, Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin rəhbəri tərəfindən Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən qanunsuz həbs olunması ilə bağlı BMT-nin Baş katibinə ünvanladığı məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi dərc edilib, bir çox digər işlər görülüb. İnanıram ki, bütün bu addımlar Dilqəm və Şahbazın azad olunmalarına gətirib çıxaracaq.

Ümumiyyətlə isə, bu qənaətdəyəm ki, Ermənistanın rəhbəri Nikol Paşinyan və onun əlaltılarının bir çox məsələlərdə, həmçinin girov məsələsində davranışları Qarabağ probleminin hərb yolu ilə həll edilməsini yaxınlaşdırır. Azərbaycanın onlara qarşı keçirə biləcəyi anti- terror əməliyyat cəmi bir neçə saat davam edəcək. Və əminəm ki, Azərbaycan Ermənistan tərəfindən işğal edilən bütün torpaqları azad edəcək. Bunu Azərbaycan Prezidenti İlham Əliyev dünən N.Paşinyanla müzakirəsi zamanı açıq şəkildə bəyan etdi. Və bütün dünya da bunu duydu, anladı. Bunu siyasətdə diletant olan Paşinyan və onun komandası gözəl anlayır, amma yenə də seçdiyi yolundan dönmür və bu yanlış qərarın cəzasını çəkəcək"

Məlumat üçün bildirək ki, dünən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib. Müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak ediblər. Müzakirə zamanı Azərbaycan Prezidenti İlham Əliyev N.Paşinyanı gerçək tarixə  söykənən faktlarla susdurub.  

.