İntiharlar, özbaşnalıq, “dedovşina” – Ermənistan ordusunda hərc-mərclik hökm sürür

“Ermənistan ordusunda neqativ hallar, intiharlar və özbaşınalıq çoxalıb”. Bunu Sherg.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.  Siyasi şərhçi bildirib ki, düşmən ordusunda baş verən ölüm hallarının və intiharların əsas səbəbi erməni zabitləri və yüksək rütbəli hərbçilərdir: 

“Erməni zabitlər düşünürlər ki, əgər silahlı qüvvələrin içində “dedovşina” sərbəst olarsa, bununla əsgər və zabit heyətini nəzarətdə, itaətdə saxlamaq mümkün olar. Ancaq erməni ordusunda vəziyyət hər keçən gün daha da dözülməz hal alır və rəhbərlik nəzarəti tamamilə itirir. Ermənistan əsgərlərinin maddi-texniki təchizatı, yemək və geyimlə təminatı acınacaqlı durumdadır. Gigiyenik vəziyyət sıfırın altındadır. Erməni əsgəri həftədə bir dəfə də olsun hamama aparılmır, çamaşırlar yenilənmir. Həkim xidməti həddindən artıq zəifdir. Bu da yoluxucu xəstəliklərin, infeksiyaların yayılması ilə nəticələnir və ölüm halları çoxalır. Təbii ki, belə bir vəziyyətdə heç bir erməni əsgəri xidmət keçmək istəmir”. 



Qabil Hüseynli: “Bu vəziyyətdə olan ordu heç bir savaşa girə başlaya bilməz”


Q.Hüseynlisinin sözlərinə görə, Ermənistandan gələn hərbi çağırışçılarla yerli ermənilər arasında da qarşıdurmalar yaşanmaqdadır: 

“Paşinyanın qondarma rejimin “müdafiə naziri”ni işdən azad etməsi məhz bu cür neqativ hallarla bağlıdır. Ordudakı mövcud durumdan Paşinyanın özü də ciddi narahatdır. Çünki bu vəziyyətdə olan ordu, heç bir savaşa girə başlaya bilməz”. 

Qeyd edək ki, qondarma Dağlıq Qarabağ rejiminin “müdafiə naziri” Karen Abramyan istefa verib. Bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilib ki, nazirin istefasına səbəb 2020-ci ildə orduda döyüş getməyən ərazilərdə verilən itkilərdir. Qeyd olunur ki, Ermənistan ordusu bu il 13 əsgər itirib. Naməlum səbəbdən əsgər ölümlərinin artması Karen Abramyanın “vəzifə”dən getməsi ilə nəticələnib. Separatçı “nazir” qərarını Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra verib.