Məşhur rejissor və ailəsi koronavirusdan öldü

Heç bir xəstəxana qəbul etmədiyi üçün Çinin məşhur rejissoru ailəsi ilə birlikdə koronavirusdan ölüb. Bu barədə “Variety” nəşri xəbər yayıb.

Məlumata görə, ailədə ilk olaraq rejissorun atası xəstələnib. Lakin heç bir xəstəxana onu qəbul etməyib.

“Atamda qızdırma, öskürək var idi, nəfəs almaqda çətinlik çəkirdi. Xəstəxanaya yollamaq istədik, ancaq heç bir tibb müəssisəsi onu qəbul etmədi. Bildirdilər ki, xəstəxanada yer yoxdur”, - deyə Çanq ölümündən əvvəl gündəliyində yazıb. 

Bundan sonra ana da koronavirusa yoluxub. Onlara rejissorun bacısı qulluq edib. Əvvəlcə koronavirusdan rejissorun atası və anası, sonra isə bacısı ölür. Çanq isə onlardan təqribən 20 gün sonra dünyasını dəyişib.

Hazırda ailədə yeganə sağ qalan insan Çanqın xanımıdır. O, xəstəxanaların birində reanimasiyada yatır.

Çanq Kay Çində məşhurluğu ilə yanaşı, “Hubey” kinostudiyasının xarici əlaqələr filialının əməkdaşı idi.