Bakıda 24 yaşlı oğlan çay evində bıçaqlandı

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. 

Oxu.Az xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində yerləşən “Çardaq” çay evində qeydə alınıb.

İsmayıllı rayon sakini, hazırda Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayan, 1996-cı il təvəllüdlü Mövlamov Rəşad Talıb oğlu çay evində tanımadığı şəxslə mübahisə edib.

Mübahisə zəminində həmin şəxs R.Mövlamovu sol döş qəfəsindən bıçaqlayaraq hadisə yerindən qaçıb. Yaralı təcili 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir. 

Faktla bağlı araşdırma aparılır.