Vüqar Rəhimzadə: “Ümumavropa Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin təbliğinə böyük dəstək olacaq”

“Fevralın 22-də Almaniyada Ümumavropa Qarabağ mitinqinin keçirilməsi təşəbbüsü Azərbaycan diaspor təşkilatlarının həqiqətlərimizin təbliği istiqamətində həyata keçirdikləri tədbirlərin, göstərdikləri səylərin tərkib hissəsidir”.

Bu fikirləri Sherg.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

O bildirib ki, reallıqlarımızın, xüsusilə 1988-ci ildə işğalçı Ermənistanın əsassız torpaq iddiası nəticəsində yaranan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması Azərbaycan diplomatiyasının qarşısında dayanan əsas vəzifələrdəndir:

“Yaxın günlərdə XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının 28-ci ildönümünü qeyd edəcəyik, belə tədbirlərin keçirilməsinin əhəmiyyəti daha aydın şəkildə dərk olunar. 

Azərbaycanın davamlı diplomatik uğurları dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir. Cənab Prezidentimiz İlham Əliyev daim çıxışlarında bir çağırış edir ki, Dağlıq Qarabağ gündəlik işimiz olmalıdır. Münaqişə ilə bağlı bütün həqiqətlər, erməni yalanları faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Məhz uğurlu xarici siyasətin nəticəsidir ki, dünya dövlətlərinin, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Azərbaycanın ədalətli mövqeyi dəstəklənir, Ermənistanın işğalçılıq siyasəti pislənilir”. 

V.Rəhimzadə bildirib ki, təbliğatı real həqiqətlərə, tarixi faktlara beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan Azərbaycan dövləti daim bu istiqamətdə səylərini gücləndirir, diplomatik mübarizədə qələbəni Dağlıq Qarabağ probleminin ədalətli həllində vacib amil kimi diqqətdə saxlayır: 

“Təbliğat işinin yüksək səviyyədə qurulmasında Azərbaycanın Birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın xidmətlərini yüksək qiymətləndiririk. Heydər Əliyev Fondu tərəfindən Dağlıq Qarabağ həqiqətləri ilə bağlı hazırlanan vəsaitlər-kitablar, albomlar, videodisklər dünyanın müxtəlif ölkələrində təbliğat vasitəsi kimi istifadə edilir. Bu vəsaitlər müxtəlif dillərdə tərcümə və təbliğ edilir. Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət-Qarabağa azadlıq!” kampaniyası da təqdirəlayiq təşəbbüslərdəndir. Bu kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində silsilə tədbirlər keçirilir, ermənilərin vəhşilikləri faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Tədbirlərin əhəmiyyəti əldə olunan nəticələrdən də aydın görünür”.

V.Rəhimzadə qeyd edib ki, Ümumdünya Qarabağ mitinqi də bu kimi tədbirlərin davamı olaraq Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasına böyük dəstək olacaq:

“Təbii ki, hər bir tədbir mahiyyəti baxımından xüsusi diqqət çəkir. Bu gün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşərək 30 ildən artıq davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə, dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətə, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində atılan addımlara öz töhfəsini verməlidir”.