Azərbaycanlıların “Cip” sevdası: Böyük maşınlara marağın iki səbəbi var...

Müşahidələrdən belə məlum olur ki, ölkədə sürücülərin əksəriyyəti böyük həcmli avtomobillərdən istifadə etməyə üstünlük verirlər. Halbuki “Cip”lər daha çox benzin tələb edir, xərci artıqdır. Həm də belə avtomobilləri park etmək də çətindir. “Cip” sürücüləri dar küçələrdə, tıxaclarda daha ehtiyatlı olmağa məcbur qalırlar. Elə isə niyə hələ də böyük həcmli avtomobillərə maraq azalmır? 

Avtosfer.az-ın rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı Sherg.az-a fikirlərini bildirirkən deyib ki, bu, bəzən məcburiyyətlə bağlı olur:

“Sürücülərin böyük həcmli avtomobillərə üstünlük vermələrinin iki əsas səbəbi var. Birincisi, ailə fərdlərinin sayının çox olmasıdır. Təcrübələr geniş tərkibli ailələrinin  adətən “Cip”lərə üstünlük verdiyini təsdiqləyir”.  

E.Muradlının fikrincə, müsəlman ölkələrində belə avtomobillərə marağın çox olması heç də təsadüfi deyil:



Elməddin Muradlı: “Avtomobil sahəsində də “qonşudan geri qalmaq istəməyənlər” çoxdur. İnsanlar sanki bir-biriləri ilə bəhsə girirlər”


“Cip”lərə maraq Avropada bu qədər çox deyil. Çünki, əgər Avropa ailələrində ən çoxu 3 uşaq olursa, müsəlman ölkələrində bu say bəzən iki, hətta üç dəfə çox olur. Ona görə səfərlər zamanı hamının yerləşməsi üçün böyük həcmli avtomobillərə üstünlük verilir. İkinci səbəb isə Azərbaycandakı bir çox yolların bərbad vəziyyətdə olmasıdır. Mən hələ heç kənd yollarını demirəm. Paytaxtın özündə elə prospektlər, küçələr var ki, sürücülər orda rahat idarəetməni təmin etmək üçün böyük həcmli avtomobillərə üstünlük verirlər. Bundan əlavə dağ yolları da məhz ağır maşınları sevir. Rayona gedənlərin əksəriyyəti böyük həcmli avtomobillərlə yola çıxırlar”. 

Ekspertin sözlərinə görə, sürücülərin “Cip”lərə üstünlük verməsində həm də obyektiv səbəblər var. O, düşünür ki, məsələ bir az da insan psixologiyası ilə bağlıdır: 

“Bir zamanlar böyük həcmli avtomobillərin qiyməti xeyli ucuzlaşmışdı. Nəticədə sürücülər bu fürsəti əldən vermədilər və tez bir zamanda paytaxtda böyük maşınların sayı artdı. Həm də çox sahədə olduğu kimi, avtomobil sahəsində də “qonşudan geri qalmaq istəməyənlər” çoxdur. İnsanlar sanki bir-biriləri ilə bəhsə girirlər. Nəticədə istər-istəməz “Cip”lər dəbə minir və orta həcmli avtomobillər tədricən unudulur”.