Bakıda mərkəz bağlanır: Cins itlər pulsuz paylanır 

Bakıda 10 ildir fəaliyyət göstərən “AARC VetClinic Azərbaycan“ heyvanları qoruma mərkəzi sponsorun maliyyələşdirməni dayandırması ilə əlaqədar bağlanmaq məcburiyyətində qalıb.

Bu barədə Axar.az-a açıqlamasında mərkəzin direktoru Hədiyyə Rövşənzamir danışıb.

“Biz uzun müddət küçə itləri və pişiklərini öz hesabımıza müalicə edib saxlamışıq. İnsanlar hətta cins heyvanları belə yanımıza gətirirdilər. İndi heyvanlar üçün yaratdığımız bu mərkəz bağlanmaq məcburiyyətindədir. Biz demək olar ki, bütün strukturlara müraciət etmişik, amma... Artıq sığınacağı saxlamaq imkanına malik deyilik. Burada 35 əməkdaş fəaliyyət göstərir və böyük ərazisi var. Heyvanlara yem almaq üçün borc götürmüşük. Sonda isə buranı bağlamaq barədə qərar qəbul etdik. Heç vaxt bizim üçün belə ağır olmamışdı. Çox xahiş edirik, kimin imkanı var, heç olmasa, bir heyvanımızı götürsün. Onlar hamısı ciddi həkim nəzarətində olublar, heç bir xəstəlikləri yoxdur”, - Hədiyyə Rövşənzamir deyib.

Qeyd edək ki, mərkəzdə it və pişiklərin yaşaması, reablitasiyası üçün ən müasir standartlara uyğun şərait yaradılıb.