Naxçıvanda inşa olunan yeni uçuş-enmə zolağı sınaqdan keçirilib

Fevralın 19-da test-sınaq məqsədilə Naxçıvan Beynəlxalq Hava Limanı üçün inşa olunan yeni uçuş-enmə zolağına ilk hava gəmisi enib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yeni zolaq hava limanının tam fasiləsiz fəaliyyət göstərməsinə, ən əsası isə istənilən geniştutumlu hava gəmilərinin qəbuluna imkan verəcək.

Uçuş-enmə zolağının uzunluğu 3300, eni isə 60 metrdir. Ümumi sahəsi 2500 kvadratmetr olan zolaqda tikinti işləri iqlim şəraiti və beynəlxalq tələblər nəzərə alınmaqla aparılıb, keyfiyyətli tikinti materiallarından istifadə olunub.

Zolağın naviqasiya və işıqlandırma sistemləri də tam müasir tələblər səviyyəsindədir. Gecə uçuşlarının həyata keçirilməsi üçün uçuş zolağı hər iki istiqamətdə işıq-siqnal avadanlıqları ilə təmin edilib. Ərazidə peyk siqnallarını tənzimləyən yerüstü naviqasiya sistemləri, çətin hava şəraitində təyyarələrin təhlükəsiz qəbulu və uçuşu üçün avtomatlaşdırılmış metroloji radiolokator quraşdırılıb, radiorabitə vasitələri yenilənib. Bu, yerli və beynəlxalq dəhlizlər üzrə hava şəraiti haqqında məlumatların operativ və dəqiq ötürülməsinə imkan verəcək.

Uçuş-enmə zolağında enişə yaxınlaşma sistemlərinin quraşdırılması hesabına dumanlı hava şəraitində qərarın qəbul edilməsi hündürlüyü 30 metrdən 400 metrədək artıb.