“Səhiyyə işçiləri əməkhaqlarına əlavələrini alacaq”

“Əməkhaqlarına əlavələrin tətbiqi vaxt tələb edir. Yaxın zamanda səhiyyə işçiləri əməkhaqlarına əlavələrini də alacaqlar”. Oxu.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün keçirilən mətbuat konfransında deyib. Agentlik sədrinin sözlərinə görə, görülən tədbirlərdən biri də səhiyyə işçilərinin əməkhaqlarına tətbiq edilən əlavələrlə bağlıdır:

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan bütün tibb işçilərinə aylıq maaşları verilib. Yeni Qaydaya əsasən, tibb işçisinin əməkhaqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq, müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr və Əmək Məcəlləsində nəzərdə tutulmuş digər ödənişlər daxildir. Əməkhaqlarına əlavələrin tətbiqi isə vaxt tələb edir. İcbari tibbi sığorta səhiyyə sahəsində aparılan əhəmiyyətli islahatdır”. 

Z.Əliyev onu da qeyd edib ki, Azərbaycan səhiyyə sistemində ilk dəfədir ki, səhiyyə işçilərinin əməyi xidməti fəaliyyətin iqtisadi və kəmiyyət göstəricilərinə görə qiymətləndirilir:

“Gələcəkdə səhiyyə işçilərinin əməyinin keyfiyyət göstəricisinə görə də qiymətləndirilməsi nəzərdə tutulur. Hazırda tibb müəssisələrinin mühasibatlıq və maliyyə şöbələri bonus və əlavələrin hesablanması üzərində çalışırlar. Agentlik də tibb müəssisələrinə bu istiqamətdə öz dəstəyini göstərir. Yaxın zamanda səhiyyə işçiləri əməkhaqlarına əlavələrini də alacaqlar”.