Bəyanatla iş bitmir: Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli iş aparılmalıdır

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. Bəyanatda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə dinc əhaliyə qarşı soyqırım törədildiyi qeyd olunub. Həmin gecə  Ermənistanın Azərbaycana qarşı uzun illər həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin davamı olaraq Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalının işğal edilməsi əlavə olunub: 

"Xocalı faciəsindən 28 il ötür. Bu soyqırım zamanı etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Eyni zamanda, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil.

Həmçinin Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub".

Qeyd edilib ki, Xocalıda törədilən soyqırım azərbaycanlılara qarşı törədilən ilk sistemli cinayət aktı deyil, Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsi zamanı dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırım cinayətlərinin ən dəhşətlisidir: "Bundan əvvəl Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular kəndlərinin işğalı ilə yanaşı, qabaqcadan düşünülmüş şəkildə mülki azərbaycanlılar xüsusi amansızlıqla qətlə yetirilib. Xocalı faciəsi zamanı yol verilmiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli mənsubiyyətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi beynəlxalq və dövlətdaxili hüquqa əsasən məhz soyqırım olduğunu sübut edir.

Hər il Xocalı ərəfəsində bir neçə qurum tərəfindən bu səpkili bəyanatlar yayılır, sonra isə ara qarışır, məzhəb itir... 



Şahidov: “Düşünürəm ki, yeni ombudsman köhnə stereotipləri qırıb,  Xocalıya ədaləti beynəlxalq konfranslarda səsləndirməlidir” 


Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi  Əhməd Şahidov deyib ki, Xocalı soyqırımı Azərbaycan xalqının ən ağrılı faciələrindən  biridir. Eyni zamanda beynəlxalq  hüququn tapdandığı bir faktdır: 

"Biz bu soyqırımla bağlı həqiqətləri sadəcə Xocalı ərəfəsində deyil, il ərzində dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. 

Xüsusən də Ombudsman Aparatı elə bir statusa  malikdir ki, bu qurum mütəmadi olaraq bu istiqamətdə bəyanatlar yayıb, Xocalı qurbanları ilə bağlı əldə olan materialları bütün təşkilatlara göndərməlidir. Ombudsman eyni zamanda  beynəlxalq əlaqələrə malik, ölkəmizi müxtəlif təşkilatlarda təmsil edən, Azərbaycan həqiqətlərini dünya tribunasından səsləndirən,  ölkəmizin haqq səsini bütün bəşəriyyətə çatdıran bir   şəxs rolunu oynamalıdır. Quru bir bəyanatla  Xocalıya ədalət tələb edilmir. Bu, düzgün yanaşma deyil.  Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli iş mühüm nümunədir . Dünyanın ən ali tribunalarında  bu  kampaniya ilə bağlı aksiyalar, konfranslar təşkil olunur. Düşünürəm ki, yeni ombudsmanımız köhnə stereotipləri qırıb, digər ölkələrdəki İnsan Hüquqları üzrə Müvəkkillər kimi aktiv olmalı, mütəmadi olaraq beynəlxalq görüşlərdə  iştirak etməli, Xocalıya ədaləti məhz həmin konfranslarda səsləndirməlidir. Adi bir bəyanatla soyqırımın tanıdılmasına nail olmaq mümkün deyil".