Azərbaycanın içməli su ehtiyatı azalır: Qonşularımız da kəssə,  bu tərəfə bir qram su keçməyəcək

“Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 30-31 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20,3 kubkilometrə qədər azalır”.



Bu barədə fəlsəfə doktoru Yusif İmralıyev sosial şəbəkədə status paylaşıb. Alim yazır ki, yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi isə ölkə hüdudlarından kənarda formalaşır. Bu, üzərində düşünülməli problemdir.

“Ekoloq jurnalistlər” İctimai Birliyinin sədr müavini Elçin Bayramlı “Şərq”ə açılamasında problemin həqiqətən də ciddi xarakter daşıdığını bildirdi: 

- Son illərdə mən bir neçə dəfə bu məsələni qabartmışam. Həqiqətən də vəziyyət ciddidir. Azərbaycan içməli su ehtiyatının az olduğu ölkələrdəndir. Bu ehtiyatın da çoxu ölkədən kənardakı mənbələrdən formalaşır. Bu çox ciddi strateji təhlükədir. Son illərdə kiçik çayların quruması və su ehtiyatlarının azalması müşahidə olunur. Bununla paralel olaraq yaşıllıq azalır, dağlarda keçəlləşmə gedir. Yağıntılar da azalır. Yeraltı su mənbələri isə sürətlə istismar olunur. Oğuz-Qəbələ-Bakı su kəməri çəkildikdən sonra o zonanın təbiətində problemlər yaranıb, yaşıllıqlar quruyur, ot örtüyü azalır. Yəni, problem təkcə içməli su problemi deyil, həm ərzaq istehsalı ilə bağlı, həm də bütöv ekoloji problemdir. İndidən yay mövsümündə suvarma suyu ilə bağlı ciddi problemlər müşahidə olunur. Ekoloq alimlər 20-30 ildir həyəcan təbili çalırlar ki, belə getsə dünyada su müharibələri başlayacaq. Su qıtlığı yarandıqda bizimlə qonşu ölkələr həmin çaylarda su ehtiyatının hamısını özlərinə sərf edəcəklər, bu tərəfə bir qram da su keçməyəcək. Hazırda Türkiyə-Suriya-İraq arasında Dəclə və Fərat çaylarının suyu üzərində az qalır müharibə başlasın. Başqa regionlarda da belə təhlükələr yaranıb. Bununla bağlı ciddi strateji proqram hazırlanmalıdır. Su israfının qarşısı alınmalıdır. Sənaye müəssisələrində içməli suyun istifadəsinə son qoyulmalıdır. Yaxşı olardı ki, dəniz kənarında su şirinləşdirici zavodlar tikilsin və buradan əldə edilən su bitkilərin suvarılmasında, avtoyuyucu məntəqələrində, broyler fabriklərində və s. bu kimi yerlərdə istifadə olunsun. Bakıya verilən təbii içməli su isə yalnız mənzillərə və idarələrə yönəldilsin. Bu halda Bakıya gələn su mənbələrində gərginlik azalar, yeraltı su hövzələrinin istismar sürəti və həcmi azalar. Ümidvaram ki, hökumət bu problemin qarşısını almağın yolunu su pulunu artırmaqda görməyəcək, düzgün tədbirlər həyata keçirəcək. Bununla yanaşı əhali arasında suyun qənaətli istifadəsi üçün təbliğat aparılmalıdır. İnsanlarımız başa düşməlidir ki, su çox qiymətlidir, onu boş yerə sərf etmək olmaz.

Məlahət Rzayeva