MSK Eldar Quliyevin “liderliyindən” şikayət edən jurnalistə “YOX” dedi

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsi üzrə namizəd Aygün Süleymanlının  müraciətinə baxılıb. 

Oxu.Az-ın məlumatına görə, MSK üzvü İlham Məmmədov deyib ki, namizəd adıçəkilən seçki dairəsi üzrə nəticələrin ləğvini tələb edib.

O bildirib ki, MSK-nın araşdırması nəticəsində adıçəkilən seçki dairəsi üzrə qanun pozuntularının aşkarlanmadığı müəyyən olunub. 

MSK qərara alıb ki, namizədin 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsi üzrə verdiyi şikayət təmin edilməsin. 

Qeyd edək ki, həmin dairədə lider namizəd Eldar Quliyevdir. 

Bildirək ki, şikayəti ünvanlayan Aygün Süleymanlı jurnalistdir. O, mətbuatda Aygün Muradxanlı imzası ilə çıxış edir.