Ermənilərin səsi Bakıdan eşidilir: Nazirlik hərəkətə keçdi

Ermənistanın İctimai Radiosunun saytının Azərbaycan dilində fəaliyyətə başlaması sosial şəbəkədə müzakirə mövzusuna çevrilib. Azərbaycanlı sosial şəbəkə istifadəçiləri sözügedən saytın Feysbuk üzərindən öz xəbərlərini yayımladığını və artıq bu saytın ölkəmizdə də izlənildiyini bildiriblər.

Məlumata görə, ermənilər azərbaycanca sayt və radio layihəsinə külli miqdarda pul ayırıblar, hətta azərbaycandilli mütəxəssisləri də bura cəlb ediblər.

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Axar.az-ın məsələ ilə bağlı göndərdiyi sorğuya cavab olaraq bildirilib ki, artıq məsələ haqda araşdırma aparılır.

“Bu, çox ciddi, strateji məsələdir, araşdırma aparılır. Qanunvericiliyə əsasən 7 iş günü ərzində bu barədə məlumat veriləcək”, - nazirlikdən bildirilib.

Qeyd edək ki, sözügedən saytda Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan barədə Azərbaycan dilində xəbərlər yayımlanır və birmənalı olaraq düşmən ölkənin maraqları əks olunur.