Atakan artıq oxuyub: Uşaq küyə düşüb, onu korrektə etmək lazımdır




10 yaşlı uşağın 5 ayda 250 kitab oxuması gələcəkdə fəsadlar yaradacaq



5 ayda 250 kitab oxuması ilə məşhurlaşmış 10 yaşlı Atakan Kayalar Azərbaycanda da maraq doğurub. Sosial şəbəkədə bu oğlanın müzakirəsi aparılır. Qeyd edək ki, ilk dəfə Fethi Çağıl adlı sosial şəbəkə istifadəçisi Atakanla bağlı paylaşım edib. O bildirib ki, oğlan 5 ay içində 250 kitab oxuyub.

Fethinin paylaşdığı videoda Atakan oxuduğu kitablardan bəhs edir. Yaşına uyğun olmayan kitablar oxuyan Atakan özündənəmin davranışları ilə də diqqət çəkib.
Görüntüləri gündəm olan Fethi Çağıl “10 yaşındaki Atakan ilə kitablara baxarkən tanış oldum. 2 saata yaxın söhbət etdik. 5 ayda 250 kitab oxuyub. Ona heyran qaldım. Aristotel, Jan Jak Russodan danışdıq” deyə, bildirib.

Kasıb bir ailədə doğulan Atakan adi məktəblərdən birinə gedir. Sosial şəbəkədə onun özəl məktəbə getməsi üçün yardım kampaniyasına başlayıblar. Atakan bu günlərdə anası ilə birgə tv-lərdən birinə qonaq olub. Ana efirdən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək övladının özəl təhsil alması üçün dövlət yardımına ehtiyac duyduqlarını deyib. Həmçinin Atakanın anasına saymazyana münasibəti də mübahisə predmetinə çevrilib. Eyni zamanda 10 yaşlı uşağın qeyri-adiliyi də gözdən yayınmayıb. Sosial şəbəkədə Atakanın baxışlarının heç də normal olmadığı, bu qədər çox kitab oxumağın 10 yaşlı uşağa ziyanlı ola biləcəyi də yazılır.



Psixoloq Fərqanə Mehmanqızı “Şərq”ə açıqlamasında hər yaşın öz xüsusiyyəti olduğunu dedi:

“10 yaşlı uşağın 5 ayda 250 kitab oxuması doğru deyil. İnsanın yaşına görə almalı olduğu biliklər var. Beyin yaşa uyğun olmayan biliklərlə yüklənməməlidir. Biliklər artıq olursa, deməli, qaydalar pozulur. Necə ki, hər bir insan müəyyən çəkiyə qədər yük daşıya bilir, eləcə də beynin yük – bilikgötürmə qabiliyyəti yaşa uyğun fərqlidir. Beyinə qida düzgün verilməlidir. Niyə məktəbdə uşaqlara ibtidai sinifdə kiçik şeirlər, böyüdükcə artıq irihəcmli şeirlər, poemalar oxutdururlar? Niyə uşağı yaşına uyğun başa salmağa çalışırlar? Çünki hər yaşda insanın anlaya biləcəyi dil, tərz var. Belə deyirlər ki, Dümanın “3 muşketyor” əsərini insan 3 yaş mərhələsində oxumalıdır: 10 yaşında, 20 yaşında və 30-40 yaş arası. 10 yaşlı uşağı o əsərdəki mənzərələr, səhnələr cəlb edir, 20 yaşında əsərin sevgi xətti cəlb edir. 30-40 yaşda isə qəhrəmanlıq, mərdlik, Vətən sevgisi. Uşaq yaşına uyğun kitablar oxumalıdır. Beynin məlumatlarla doldurulması da yaşa görə olmalıdır.



İnsan bilikləri yaşına uyğun əxz edir. Biliyin yaşa görə əxz etmə qabiliyyəti var. Doğrudur, bəşəriyyət fitri istedad sahiblərini tanıyıb, belə insanlar olub və var. Deyək ki, Motsart, Bethoven... Amma 5 ayda 250 kitab oxumaq xüsusi istedad deyil. Bu, kitab oxumağın vərdiş halına gəlməsidir. Nizami Gəncəvinin “Fitnə”sini yadımıza salaq. Bilirsiz, bəzi valideynlər özlərinin həyatda nail olmadıqlarını övladlarında görmək istəyirlər. Bu, psixoloji əziyyət çəkən valideynlərdir. Belə hallarda isə uşaqla valideyn arasındakı bağlar pozulur. Hesab edirəm ki, Atakanın valideynləri də övladlarını fərqləndirmək istəyiblər. Amma 10 yaşda bu qədər kitab oxumağın gələcəkdə fəsadlar yarada biləcəyini nəzərə almırlar. Bu qədər kitab oxumağın hansı nəticələrə gətirib çıxaracağını bilmirlər. Mən videoda görünənlərə əsasən o uşağın psixo-analizini apardım. Fikirləri dağınıqdı, özü də. Uşaq sadəcə küyə düşüb. Uşağı korrektə etmək lazımdı.  Sosial şəbəkələr də nahaq bu məsələni şişirdir. Çox oxumaq hələ nə savadlı olmaq deməkdir, nə də alim olmaq.