İlham Əliyev bir neçə liderə təbrik məktubu göndərdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Estoniya Prezidenti Kersti Kalyulayda ölkəsinin milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Estoniya Respublikasının Prezidenti Zati-aliləri xanım Kersti Kalyulayda

Hörmətli xanım Prezident,

Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və bütün Estoniya xalqına ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Estoniya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

***

Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Naruhitoya ölkəsinin milli bayramı münasibəti ilə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Yaponiyanın İmperatoru Əlahəzrət Naruhitoya

Əlahəzrət,

Ölkənizin milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və dost Yaponiya xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

60 illik yubileyinizin qeyd olunduğu belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza daim sülh və firavanlıq arzulayıram”.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiahaya ölkəsinin milli bayramı münasibəti ilə təbrik məktubu göndərib.

Məktubun mətnini təqdim edirik:

“Bruney-Darüssalamın Sultanı Əlahəzrət Hacı Həssənal Bolkiaha

Əlahəzrət,

Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda dost Bruney xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Bruney dostluq və əməkdaşlıq əlaqələri həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar, xüsusən İƏT və Qoşulmama Hərəkatı çərçivəsində bundan sonra da xalqlarımızın mənafelərinə uyğun inkişaf edəcək və dərinləşəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza sülh və rifah diləyirəm”.