Şair Məmməd İlqarın 70 illik yubileyi keçirilib - FOTOLAR (Yenilənib) 

Dünən Beynəlxalq Muğam Mərkəzində  tanınmış şair Məmməd İlqarın 70 illik yubileyi keçirilib. "Sherg.az" xəbər verir ki,şair, yazıçı, kinodramaturq İlqar Fəhminin aparıcılığı ilə baş tutan tədbirdə millət vəkili, akademik Nizami Cəfərov, əməkdar elm xadimi, ədəbiyyatşünas, professor Qəzənfər Paşayev, xalq şairi Sabir Rüstəmxanlı, Qazax Xeyriyyə İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov, "Şərq"qəzetinin baş redaktoru Akif Aşırlı, görkəmli alim Rüstəm Kamal, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, yazıçı-publisist Salatın Əhmədova, şair Ehtiram İlham, ədəbiyyatşünas Məti Osmanoğlu, professor Nəsir Əhmədli və şairin digər qələm dostları iştirak edib. 

Mərasimdə Məmməd İlqarın "Vətən" şeiri və qələm dostları- Məmməd Dəmirçioğlu, Akif Səmədə həsr etdiyi poeziya nümunələrindən və şairlə bağlı digər tanınmış qələm əhlinin -Zəlimxan Yaqubun, Məmməd İsmayılın və başqalarının düşüncələrindən ibarət video-çarx təqdim olunub. Bununla da mərasim öz işinə başlayıb. 



İlk olaraq çıxış edən alim Rüstəm Kamal yubilyarı 70-ci il dönümü münasibəti ilə təbrik edib:

Bəlkə də, bu, klassik ozan və aşıq ədəbiyyatından gələn bir ənənədir ki, bütün aşıqların, ozanların şeirləri bir kitabda cəmlənib. Aşıq Ələsgər bir kitabdadır, aşıq Alı bir kitabdadır. Qurbani bir boydadır. Mən görəndə ki, Məmməd İlqarın da şeiriyyatı, divanı bir kitabda cəmlənib, buna sevinmdim. Məmməd İlqarın şeirlərinə diqqət  yetirsək görərik ki, onun şeirləri məclis, törən və ritual üçün darıxır. Məmməd İlqarın şeirləri ozana xitab və müraciətlərlə başlayır. Onun şeirlərini oxuyanda hiss edirsən ki, şeirlər məclisin içindədir. Bu da həmin poeziya nümunələrinin arxaik qatlardan gəldiyini göstərir. Şair gərək birinci və sonuncu misrasına inansın. Öz şeirin əvvəli və sonuna inana bilsin. Məmməd İlqarın şeirlərini oxuyanda hiss edirəm ki, şair öz misralarına inanır. Məmməd İlqarın şeirlərinin hamısı gözəldir, çünki inancla yazılıb. Onun əxlaqı ilə poeziyası düz mütənasibdir. Məmməd İlqarın şeirləri də yaşadığı həyat tərzininə uyğundur. Şeir gərək şairin xarakterini əks etdirsin. Məmməd İlqarın şeirləri onun xarakterini göstərir. Məmməd İlqarın öz şeir əxlaqı var. Məmməd İlqarın yaşadığı ömürlə  şeirləri arasında düz mütənasiblik var. Onun çox şeiri ölümlə, baş daşı ilə bağlıdır. Kitabından da görürük ki, Məmməd İlqar 2013-cu ildən sonra şeir yazmayıb. Məmməd İlqar Azərbaycan milli şeirini, təcnisini, qoşmasını XX və XI əsrdə yenidən hörmətə gətirən nadir şairlərimizdəndir. Məmmd İlqar haqqında bir balaca yazı da yazmışam. Amma axşam onun kitabına baxanda gördüm ki, mən onun haqqında hələ heç nə yaza bilməmişəm. Var ol, böyük şair!

Bu çıxışdan sonra əməkdar artist Təyyar Bayramov şairin sözlərinə bəslənmiş bir mahnı ifa edir. 

Daha sonra söz xalqı şairi Sabir Rüstəmxanlıya verilir. S.Rüstəmxanlı da arzularını bu cür izhar edir:

“Bu gün(dünən) Azərbaycan ədəbiyyatının və çağdaş şeirimizin usta qələm adamı olan Məmməd İlqarın yubileyinə yığışmışıq. Azərbaycan ədəbiyyatında Məmmdlər çoxdur: Məhəmməd Füzuli, Məmməd Hadi, Məmməd Səid Ordubadi, Məmməd Rahim, Məmməd Araz, Məmməd Aslan, Məmməd İsmayıl və Məmməd İlqar. Düşünürəm ki, bu Məmmədlərin hər biri öz soyadına bənzəyir. Məmməd Araz Araz şairidir, Məmməd Aslanın türk dünyasına xas bir xarakteri vardı. Məmməd İlqar da ilqarlı bir şairdir. Onun ilqarı onun öz yaddaşındadır, ocağa, yurda, saza, dostlara bağlılığındadır. Onun ilqarı Qazaxın müdafiəsində həyatını qurban vermiş  Qaratelə olan sevgisində, ona ithaf etdiyi dastandakı böyük ruha bağlılığındadır.  Məmməd İlqarı gözdən keçirəndə görərik ki, iqarlı şairdir və öz kökünə böyük bağlılığı var. İnə dərəsi deyiləndə Ağamalı Sadiq, Akif Səməd və Məmməd İlqar göz önünə gəlir. Onların qəribə bir fərqi var.  Ağamalı Sadiq ictimai və vətəndaşlıq, mübarizə, vətən, dönməzlik ruhunda yazıb. Akif Səməddə dərvişlik vardı  O irfani, süfi düşüncəyə bağlı idi. Ömrünün sonuna qədər ruh bağlılığını qoruyub saxladı. Məmməd İlqar isə daha çox sözə bağlıdır. Min illəri aşıb gələn türk sözünə bağlıdır. Çağdaş poeziyamızda ən yaxşı cinasların müəllifidir. Məmməd İlqar sözün canını çıxardır. O, sözü yoxuşa dirəyib, içində nə varsa, çıxardır. Təəssüf ki, son illər Azərbaycan ədəbiyyatında çıxan kitabların yarısı az qala ölü sözlərlə yazılıb. O sözlərin ruhu, canı yoxdur, yıpranıb artıq. Amma Məmməd İlqarın sözləri diri sözlərdir. Min illəri aşıb gələn sözlərdir. Dədə Qorquddan, Yunus Əmrədən, Ələsgərdən gələn sözlərdir. Məmməd İlqar cinasda 3 bəndlik şeirlərdə böyük bir əhval-ruhiyyə yarada bilən şairdir. Onun sözü insanı silkələyir. İncə dərəsinin ruhu budur. Süfi poeziyası və irfani poeziyanı saxlayır. Şairlər dərd çəkməyə yaranıb. Məmməd İlqar həm də millətin dərdinin şairidir. Daha çox Məmməd İqların təcnislərindən danışdıq. Amma onun çoxsaylı sərbəst şeirləri var. Əziz qardaş, yubileyin mübarək olsun, sən 70 yaşında da gəncsən. Sən szöün durduqca yaşayacaqsan. Şairin adı çəkilirsə, o daim yaşayacaq. 

Bu çıxışdan sonra aşıq Şaiq İncəli şairin sözləri üstündə gözəl bir saz havası ilə iştirakçıların ruhunu dincə qoyur. 

 

Ardınca,  ictimai siyasi xadim, şair, nasir, Ağamalı Sadiqin bacısı Gülçiçək xanım da şairi təbrik edir edəərk, ona ən saf və duru arzularını çatdırır: 

“Məmməd İlqar sevilən şairdi, xoşbəxt şairdi. Kitabı çap olunmazdan əvvəl, yazdığı şeirlərin mürəkkəbi qurumamış şeirləri əl -əl gəzirdi, oxunurdu. Məmməd İlqar Avdi babaya (Aşıq Avdı)həsr etdiyi “Yurd yeri” şairində yurda bağlı olduğunu bir daha sübut edib. Məmməd İlqar vətəninin ağır və çətin günlərində vətənpərvər ruhlu şeirlər yazdı. “Vətən, başın sağ olsun” şeir ilə insanları vətən üçün mübarizəyə səslədi. “İlahi, belə də gözəl olarmı?” deyib, gözəlliyi tərənnüm etdi. Sevən gənclərimizə gözəlliyi aşıladı. Məmməd İlqar bir məktəbdi onu öyrənmək lazımdır. Məmməd İlqar, bu gün sənin təmtaraqlı günündür. Qoy, bu gün səni ilk misrandan kəşf edən, ilhamına inanan Ağamalı Sadiq Əfəndinin ruhuna əyan olsun. Oktay Xalloğlunun, Aslan Kəmərlinin, Ələddin İncəlinin ruhuna əyan olsun. Şeirlərinin birində yazırsan: “Mən həmən oğlanam, a dağ yolları” Sən təkcə dağ yollarında deyil, bizim ruhumuzda , bütövlükdə özümüzdəsən”.  Biz səni belə sevmişik, belə öyrənmişik. 70 yaşın mübarək olsun. Tanrı sənə yar olsun. Məmməd İlqar şeirini sevənlərə eşq olsun !

Beynəlxaq Muğam Mərkəzinin salisti Rəvanə Qurbanova könülləri oxşayan bir muğam ifa edir. 


Sonra millət vəkili, akademik Nizami Cəfərov da çıxış edərək yubilyarı təbrik edir: 

“Məmməd İlqar, 70 yaşın mübarək olsun ! Məmməd İlqara 70 yaş verə bilmirəm. İncə dərəsindən olan adamlara yaş vermək olmur. Onlar həmişə eyni yaşda olurlar. Ədəbiyyatçılar yaxşı bilirlər. Adətən, müxtəlif dövrlərdə yaranmış ədəbiyyat nümunələrini ümumiləşdirməyə çalışırlar. Azərbaycan ədəbiyyat  tarixini ümumiləşdirəndə İncə dərəsi kənarda qalıb. İncə dərəsi ədəbiyyatı tarix estetik və sosial  prinsiplədən də kənarda qalıb, ümumiləşmə sisteminə daxil olmayıblar. Onlar əlahiddədirlər. Bu əlahiddəlikdə  bir özünəməxsusluq var. Bu nədir? O vaxt rəhmətlik Akif Səməddən soruşurdum ki, Akif, sizin bu incəli ədəbiyyatın klassiki kimdir. Deyird ki, Ələddin İncəli. Biz Nizamidən danışırıq, heç olmasa, orta əsrlərə gedib çıxırıq. Bunlarda hələ sovet dövrüdür. Bunların ədəbiyyatı tarixi sovet dövründən başlayıb. Amma sovet dövründən elə başlayıb ki, elə bil eramızdan əvvəl başlayıb. Sovet dövründən danışılında biz Engelsdən, Marksdan misal gətirəndə,  bunlar Hacı Mahmud Əfəndidən misal gətirirlər. Bu da mənəvi hadisədir. Ağamalı Sadiq, Akif Səməd və Məmməd İlqar uzun şeir yaza bilmirdilər. Poema yaza bilmirlər. Balaca həcmli bir şeirdə bir poemanın elementlərini verə bilirdilər. Məmməd İlqar hər şeirində zərifliyə qədər gedən incə bir qəlb var.  Qardaş, sənə can sağlığı arzulayıram. 2013-cü ildə dayanma. Sən yazmalısan. Bu gün zərif bir düşüncənin, gözəl bir oğlanın yubileyidir. Cavan-cavan 70 yaşa çatıb. Sağ ol!

Aşıq Zülfiyyə saz havası üstündə Məmməd İlqarın şeirini oxuyur.


Azərbaycan Yazıçılar birliyinin katibi Əjdər Ol şairə AYB-nin təbrikini çatdırır: 

“AYB-nin adından şairə təbrik  ünvanlamışıq. “Ədəbiyyat”a qəzetində dərc olunub.  O yazıda şairə can sağlığı, yaradıcılıq uğurları arzulayırıq. İndi də əlimdə AYB-nin təbrik məktubu var. Bu məktubu ailəsinə çatdıracağıq. Məmməd İlqarla 

Bir yerdə çox olmuşuq, bir yerdə çalışmışıq. Məmmədin yaddaşı lap çox qısalıb.Hərdən bizi xatırlayır, hərdən tanımır. Amma Məmməd İlqar xatırlayanda xoş məqamları xatırlayır. Oğlu Babəkdən soruşuram. Babək deyir daha çox keçmişi xatırlayır. Maraqlı epizodları xatırlayır. Öz şeirlərini, aşıq havalarını və şərəfli keçmişini xatırlayır”. 

Aşıq İlham Aslanbəyli sz havası  və ardınca əməkdar artist  Sahib İbrahimov şairin sözlərindən ibarət ifaları ilə iştirakçıları feyziyab ediblər. 


Şair-publisist  Həmid Ormanlı da maraqlı çıxışı ilə diqqət çəkib:  

“Zalda yer çatmadığına görə, insanlar içəri keçə bilmirlər. İçəridə pilləkanın üstündə otururlar. Arxada ayaq üstündə qalanlar var. Tədbirə qatılanların qarşısında baş əyirəm. Əslində bu, bir təbiyədir. Məmməd İlqar hamımıza tərbiyə verir , ömrü necə yaşamağın yollarını göstərir. İncəli olan, təmiz türk olan həmişə haqqın yanında olub. Məmməd İlqar da həmişə haqqın yanında olub. Su torpağa hopan kimi onun şeirləri bizim ruhumuza hopub. Aslan Kəmərli, Ağamalı Sadiq Əfəndi, Akif Səməd haqq uğrunda ilk şəhidlərimiz, Məmməd İlqar isə ilk qazimiz olub. Məmməd İlqarın poeziyası qara sazın arealını əhatə edir. Məmməd İlqarı Təbrizdə, Borçalıda, Türkiyədə  oxuyurlar. Məmməd İlqar , var ol !” 


Professor Xaqami Qayıblı bu gözəl tədbiri təşkil edənlər- AYB və Qazax Xeyriyyə İctimai Birliyinə təşəkkür edib:

“Olduqca maraqlı tədbirdi. 3 saata yaxındır, buradayıq, amma zamanın necə keçməsindən xəbərim olmadı. Zövq aldım. Məmməd İlqar məhəbbət şeirləri ilə yanaşı, vətəpərvər ruhlu şeirlər də yazıb.  Onun ruh yaddaşı diridi. Məmməd İlqar təcnisin şahıdır. Şairə uzun ömür arzulayıram”. 

Lütfiyar İmanovun ifasında Məmməd İlqarın şeirinə bəslənmiş mahnının təqdim olunur. 

Muğam ifaçısı İlkin Əhmədov da gözəl bir mahnı ilə tədbirə qatılanların zövqünü oxşayır.

Professor Qəzənfər Paşayev də çıxış edərək şairə arzularını çatdırıb:

"Əsas məsələ çox yazmaq deyil, məzmunlu yazmaqdı. Məmməd İlqar Sumqayıt ədəbi prosesinin aparıcı şairi olduğunu bilirəm. Sumqayıtdakı  ədəbi prosesə təkan verənlərdən biri də Məmməd İlqar olub. Məmməd müəllim sizi təbrik edirəm. Tədbir  uzun çəkdi, amma maraqlı keçdi. Qazax Xeyriyyə İctimai Birliyinin sədri  İlham Pirmmədova "sağ olun" deyirəm. Belə işlərdə şəxsiyyətlərin rolu var. Cəmiyyətin sədri kimi yaxşı fəaliyyət göstərir. Bütün rayonlar onun yolunu gedəcəklər.  İnsan öyrənə -öyrənə yetişir. Söz verdiyinizə gör, məmnun qaldım. 70 yaş nədir ki, mən 80-i haqlamışam. Allah sizə uzun ömür, can sağlığı versin. Şeirləriniz sizi yaşadacaq".  

Rejissor Kəmalə Musazadə şairin Qazaxın müdafiəsi uğurunda gedən döyüşlərdə qəhərmancasına şəhid olan Qaratel haqqında qələmə aldığı “Qaratel”poeması barədə çəkdiyi filmdən danışdı. 

Aşıq Avdı da özəl bir saz havası ilə iştirakçıların ruhunu  oxşayır.

Bundan sonra, aparıcı, şair Çiçək Mahmudqızı da çıxş edib:

"Məmməd İlqarın şeiri saza ucalan sözlər oluğuna görə, ona ölüm yoxdur. Məmməd İlqar öz sözünü sazın yaddaşına daşıyacaq şairlərdən olduğuna gör, biz onu saz, ocaq və pir qədər müqəddəs bilirik. Məmməd İlqlar, siz bizim üçün əxlaq ölçüsüsünüz. Sizə, möhkəm can sağlığı, uzun ömür arzulayıram”. 


Aşıq Şəhriyar Qaraxanlı, aşıq Samir Cəlaloğlu da gözəl ifaları ilə tədbir əhlinin ürəyini rəqqətə gətirdilər.  

Sonda isə professor İlham Pirməmmədov şairə uzun ömür, möhkəm can sağlığı arzulayıb və bununla da tədbirə yekun vurulub. 

Qeyd edək ki, Məmməd İlqar 1950-ci ilin 21 fevralında Qazaxın Aslanbəyli kəndində dünyaya göz açıb.