Türkiyə koronavirusa görə İranla sərhədi bağladı


Türkiyə koronavirusla əlaqədar İranla sərhəd-keçid məntəqələrini müvəqqəti bağlayıb.
"Sherg.az" APA-ya istinadən bildirir ki, bunu bu gün Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
F. Qoсa deyib ki, bu gün yerli vaxtla saat 17.00 etibarı ilə sərhəd-keçid məntəqələri müvəqqəti bağlanıb, İrandan Türkiyəyə avtomobil və qatarların hərəkəti dayandırılıb. Türkiyədən İrana səfərlər isə davam edəcək: "İranla sərhəddəki Ağrı-Gürbulaq, Hakkari-Esendere ve Van-Kapıköy sərhəd keçid məntəqələrinin müvəqqəti bağlanması ilə yanaşı, İğdırdan Naxçıvan bölgəsinə açılan Dilucu sərhəd keçid məntəqəsində də gediş-gəliş məhdudlaşdırılacaq".
Səhiyyə naziri nəzərə çatdırıb ki, İran və Türkiyə arasında təyyarə uçuşları isə bu gün saat 20.00-dan dayandırılır və Türkiyə İrandan təyyarə qəbul etməyəcək.
Qeyd edək ki, İranda koronavirusla bağlı ölənlərin sayı 8 nəfərə çatıb.
Türkiyədən başqa, İraq, Pakistan və Türkmənistan da İranla sərhədlərini bağlı elan edib.