Türk ordusunun dəstəyi: Düşmən cəsədləri meydanda qoyub qaçdı

Liviyada Milli Razılıq Hökumətinə bağlı qüvvələrlə marşal Xəlifə Haftar əsgərləri arasında silahlı qarşıdurma yaşanıb.

Axar.az xəbər verir ki, paytaxt Tripoliyə hücum edən Haftar tərəftarları itkilər verərək geri çəkilib.

Silahlı qarşıdurmada aralarında 4 Misir hərbçisinin də olduğu xeyli sayda Haftar tərəftarı öldürülüb.

Məlumata görə, bir misirli zabit də Liviya Milli Razılıq Hökumətinə bağlı qüvvələr tərəfindən əsir götürülüb.

Qeyd edək ki, ağır məğlubiyyətə uğrayan Haftar ordusunun qarşıdurma zamanı ölən əsgərlərin cəsədlərini münaqişə zonasında qoyub qaçdığı bildirilir.

Liviyanın qanuni hakimiyyəti olan Milli Razılıq Hökumətinə Türkiyə hərbi-siyasi dəstək verir. Baş verən toqquşmada türk əsgərlərinin də şəhid olduğu haqda “Əl-Ərəbiyyə” Haftar ordusundakı mənbəyə istinadla məlumat yaysa da, Türkiyə Silahlı Qüvvələri informasiyanı təsdiq etməyib.