Koronavirusla bağlı səs yazısı: Ajiotaj yaradan xəbərlərin yayılmasında maraqlı şəxslər var - ŞƏRH

Dünyada sürətlə yayılan və artıq Azərbaycanın da sərhədlərinə gələn koronavirus, demək olar ki, gündəmi zəbt edib. Bu virusun ölkəmizdə də olduğu və artıq bir neçə nəfərin xəstəxanalarda karantinə alınması ilə bağlı Vatsap sosial şəbəkəsində səs yazıları yayılıb. 

Əvvəlki qlobal əhəmiyyətli məsələlərdə, o cümlədən dünyanın sonu ilə bağlı yaxın keçmişə aid olan miflərdə də belə səs yazılarına tez-tez rast gəlinirdi. Bu səs yazılarını yayanlar kimlərdir? Onlar niyə ajiotaj yaratmaqda maraqlıdırlar? 

Sherg.az-ın suallarını cavablandıran sosioloq Əhməd Qəşəmoğlu deyir ki, belə insanları şərti olaraq iki qrupa bölmək olar:

“Onlardan bəziləri yaranmış əlverişli mühitdən istifadə edərək müəyyən məhsulların satılmasında maraqlıdırlar. Yadınızdadırmı, “donuz qripi”, “quş qripi” yayılan zaman neçə maska, “qiyamət gününün yaxınlaşması” ilə bağlı xəbərlər yayılarkən nə qədər şam satılmışdı? Hətta iş o yerə çatmışdı ki, mağazalarda şam tapmaq mümkün deyildi. Nəticədə işbaz insanlar digərlərinin narahatlığı və həyəcanı hesabına öz məqsədlərinə çatdılar. Digər qrup şəxslər isə sadəcə diqqət mərkəzində olmaq, özlərini “lazımlı adam” kimi göstərmək istəyirlər. Çünki hamı yayılan məlumatın mənbəyininin kimliyi ilə maraqlanır, ona diqqət göstərir. Həmin şəxsləri başqalarının keçirdiyi hisslər yox, ancaq öz “imici” düşündürür. İnsanlara məsləhət görərdim ki, yayılan məlumatları mütləq həqiqət kimi qəbul etməsinlər, sadəcə ehtiyatlı olsunlar”.



Sosioloq: “Həmin şəxsləri başqalarının keçirdiyi hisslər yox, ancaq öz “imici” düşündürür”


Qeyd etdiyimiz kimi, bu cür şayiələri yayanlar cəmiyyət arasında narahatlıq yaradır, səbəbsiz stressə, həyəcana səbəb olurlar. Elə isə onlar haqqında hansısa cəza tədbiri görülməlidirmi? Axı ittiham olunan şəxsə həmin səs yazısının əsassız olduğunu sübut etmək də çətindir. 

Ə.Qəşəmoğlunun fikrincə, texnikanın imkanları bu məsələni daha da çətinləşdirir: 

“Kimsə səs yazısı yayır və sonra məsələdən məlumatlı olmayan, əzizlərini düşünən şəxslər həmin məlumatı başqalarına göndərirlər. Burada onun günahı nədir ki? O, sadəcə kimlərinsə sağlamlığını, təhlükəsizliyini düşündüyü üçün bu addımı atır. Texnikanın, texnologiyanın imkanları istənilən məlumatın sürətlə yayılmasına şərait yaradır. Nəticədə ilkin mənbənin tapılması çətinləşir, bəzən də mümkün olmur. Əgər ilkin mənbəni tapmaq mümündürsə, o, mütləq cəzalanmalıdır. Ancaq səsi yayan başqa adamları ittiham etmək olmaz”.