“Azərbaycan Dəmir Yolları”ndan koronavirus AÇIQLAMASI

“Dəmir yolunda koronavirusla əlaqədar olaraq sanitariya-epidemioloji tədbirlər gücləndirilib”. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən bildirilib: “Son günlər Çində və bir sıra ölkələrdə qeydə alınmış koronavirusun törətdiyi kəskin yoluxucu xəstəliyin yayılması ilə əlaqədar Səhiyyə Nazirliyinin tədbirlər planına əsasən, ölkəmizdə də qabaqlayıcı tədbirlər davam etdirilir.

O cümlədən, Dəmir yolu insanların kütləvi istifadə etdiyi nəqliyyat vasitəsi olduğundan burada sanitariya-epidemioloji tədbirlər  daha da gücləndirilib. 

Bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidməti tərəfindən hazırlanan Tədbirlər Proqramına əsasən, sanitariya-gigiyena norma və qaydalarına, dezinfeksiya rejiminə ciddi əməl edilməsi yoxlanılır. Dəmir yolu ərazisindəki bütün obyektlərin profilaktik və cari dezinfeksiyası aparılır”.

Yalnız ölkədaxili deyil, həm də beynəlxalq istiqamətdə hərəkət edən qatarlarda lazımi tədbirlərin görüldüyü diqqətə çatdırılıb:

“Ölkədaxili və beynəlxalq istiqamətdə hərəkət edən qatarlarda zəruri tədbirlər görülüb. Həmçinin, sərhəd-keçid məntəqələri gücləndirilmiş rejimdə çalışır. Sərhəd-keçid məntəqələrindən ölkəmizə daxil olan yük qatarlarının bütün vaqonları, eləcə də, ölkədaxili və beynəlxalq istiqamətdə hərəkət edən sərnişin qatarları (sərnişinlər vaqonları tərk edəndən sonra)  hər gün dezinfeksiya olunur.

Bütün sərnişin qatarlarının vaqonları tibbi qutularla, bələdçi heyəti qoruyucu maska və əlcəklə təmin olunub. 

Hər hansı xəstəliyə yoluxmaqda şübhəli bilinən şəxs  aşkarlanarsa, bu barədə məlumatlar dərhal Həkim-Sanitar Xidmətinə təqdim olunacaq. 

Dəmir yolu vağzallarının radio qovşaqları vasitəsilə sərnişinlər ümumi gigiyena qaydaları barədə müntəzəm məlumatlandırılır”.