Son qərarı verməliyik: Ermənistan 6 aya ətraf rayonları boşaltmasa... - AKTUAL

Azərbaycan-Ermənistan sərhədində növbəti təxribat törədilib. Ermənistan silahlı qüvvələrinin bölmələri sərhəddəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini pozub. Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb.

Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub.



Politoloq: Ermənistana 3 və ya 6 aylıq vaxt verməliyik, ultimatum şəklində bildirməliyik ki, bu müddətdə Qarabağ ətrafındakı rayonları boşaltsınlar


"Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu Sherg.az-a açıqlamasında bildirib ki, atəşkəsin pozulması və hərbiçimizin şəhid olması ondan xəbər verir ki, bundan sonra da Ermənistan təxribatlarını davam etdirəcək. 

Analitikin sözlərinə görə, aparılan danışıqlarda irəliləyiş yoxdur:

“Ermənistan Qarabağ ətrafındakı rayonları boşaltmaq istəmir və təxribatlara əl atır. Düşünürəm ki, artıq ciddi qərarlar vermək mərhələsinə gəlib çıxmışıq. Yəni, danışıqlar nəticə vermirsə və Ermənistan təxribatlarına davam edirsə, düşünməliyik ki, belə atəşkəs və danışıqlar bizə lazımdırmı? Fikrimcə, Ermənistana 3 və ya 6 aylıq vaxt verməliyik, ultimatum şəklində bildirməliyik ki, bu müddətdə Qarabağ ətrafındakı rayonları boşaltsınlar. Əks təqdirdə ağır nəticələrlə üzləşməli olacaqlar. Danışıqlardan imtina edilməsi də mümkündür. Çünki nəticə yoxdursa və ermənilər tutduqları mövqedən çəkilmirsə, deməli gələcək danışıqların heç bir xeyri olmayacaq. Nəticədə atəşkəs də pozulacaq və itkilərimiz olacaq. Ona görə də bu məsələ ilə bağlı birdəfəlik düşünərək son qərarımızı verməliyik”.