Daha bir qazinin məqaləsi Vikipediyadan silindi

Vikipediyada məqaləmi silənlər kimə xidmət edirlər? Sualın cavabını tapmaq çətin deyil! Natiq Mehdiyevin məqaləsini silənlər mənim də məqaləmi siliblər. Qolumu ona görə itirdim ki, belələri məqalələri rahat silsinlər. Söz tapıb yaza bilmirəm.

Axar.az xəbər verir ki, bunu Qarabağ qazisi Anar Məmmədov yazıb.

Qazi bununla bağlı araşdırma apardıqlarını bildirib:

“Məqalələr Mərkəzi Elmi Kitabxananın Vikipediya Metodik Mərkəzinin könüllüləri tərəfindən yaradılıb. Feysbukdakı “Azərbaycanca Vikipediya” qrupunda da Qarabağ qazilərinin məqaləsinin silinməsi ilə bağlı müzakirələrdən belə aydın olur ki, məqalələr səsvermə yolu ilə silinib. Məqalələrin yaradılmasında iştirak edən könüllülər qazilərin məqalələrinin silinməsinin səhv addım olduğunu yazıblar. Məqalələrin silinməsinə səs verən bir qrup idarəçi isə öz arqumentlərini əsaslandırmağa çalışıblar.

Buna təəssüf etməmək olmur. Görünür, vətən uğrunda döyüşən və canından keçən oğulların məqalələrinin mövcudluğu kimlərisə narahat edir. Bu məsələni diqqətdə saxlamaq hər birimizin borcudur. Bu cür məqalələr kimlər tərəfindən silinir, bu haqda da xüsusi araşdırma aparmağa ehtiyac var”.