Qız qalasının sirri...

Rəvayət və əfsanələrdə yer almış yanlış təsəvvürlərin mənbəyi haradan qaynaqlanır?
 
Azərbaycanda baletin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinin səhnələşdirildiyi tarixdən hesablanır. 1939-cu ildə Əfrasiyab Bədəlbəyli Bakı Xoreoqrafiya Məktəbinin ilk buraxılışı münasibətilə uşaqlar üçün birpərdəli “Tərlan” baletini, bir ildən sonra isə məxsusi olaraq Qəmər Almaszadə üçün “Qız qalası” baletini yazır.

“Qız qalası” baleti yalnız Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərqdə ilk balet nümunəsidir. İlk premyerası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində baş tutmuş balet tamaşasının ilkin librettosu da onun müəllifi Əfrasiyab Bədəlbəylinin qələmindən çıxıb. Əsas partiyanın (ifa kəsiminin) ilk yaradıcısı bəstəkarın həyat yoldaşı, ilk azərbaycanlı balerina Qəmər Almaszadə olub.


Baletin premyerası zamanı Q.Almaszadə Gülyanaq və K.Bataşov isə Polad rolunda

Nəzərə almaq lazımdır ki, bu balet əsəri Sovet dövrünün məhsulu və Əfrasiyab Bədəlbəylinin ilk böyük əsəri olmaqla, tələbə ikən yazdığı diplom işi idi. Əsərin librettosunun məzmunu Azərbaycan xalqının istər ziyalı, istərsə də sadə təbəqəsinin milli-mənəvi düşüncəsində çaşqınlıq yaradıb. Müəllifin özü də zamanında qeyd edirdi ki, dəfələrlə ədəbiyyatçılar, tarixçilər, tənqidçilər Azərbaycanın nə tarixi qaynaqlarında, nə də ki, folklorunda belə məzmuna rast gəlmədiklərini və belə bir motivin Azərbaycan ədəbiyyatında yad ünsür olduğunu tez-tez onun nəzərinə çatdırardılar.

Aydındır ki, kommunist sinfi mübarizə ideologiyası müsəlman xanını hər bir vəchlə əxlaqsız, ədalətsiz kimi qələmə verməyə çalışırdı. Sözsüz ki, bu qondarma süjet xətti əsrlər boyu Azərbaycan xalqının həyat tərzində bərqərar olmuş və hökm sürmüş islam əxlaq ideologiyasına ağır zərbə vurmaq qayəsi daşıyıb. Məhz bu leytmotiv 1923-cü ildə rus kinematoqrafçıları tərəfindən çəkilib, (Ə. Bədəlbəyli çox güman ki, “Qız qalası” baletinin məzmununu da məhz buradan götürüb) “Qız qalası əfsanəsi” tammetrajlı səssiz bədii filminin əsasını təşkil edir. Azərbaycan Demokratik Respublikası bolşevik Rusiyası tərəfindən işğal edilərək, 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra rus təhkimçi üsul-idarə sistemi tərəfindən sözügedən filmin çəkilişinə göstəriş verilib. Birmənalı olaraq söyləmək olar ki, filmin keçmiş sovetlər ittifaqının yerli televiziya məkanlarının dilinə tərcümə edilərək nümayiş etdirilməsi və geniş televiziya məkanlarında yayımlandırılması, hər zaman konservativ (qədim tarixi ənənələrin mühafizəkarı) mövqedə duran xalqımıza qarşı bir sıra dünya xalqlarında mənfi fikir və rəyin formalaşmasına xidmət göstərib. Rus ideologiyası xalqımızın daxili mənəviyyatını alçaltmaq məqsədilə heç bir əxlaq prinsipinə və etikaya sığmayan, dünya yaranışından üzü bəri bütün tarix boyu hər zaman tarixi salnamələrdə mətinliyi, döyüşkənliyi, qeyrəti və namusu ilə başqa xalqlara örnək olan Azərbaycan xalqının milli mentalitetinə zidd olan belə bir mənfi ünsürü məkr yolu ilə tariximizə, ədəbiyyatımıza və mədəniyyətimizə yamaq etməyə çalışıb.

Belə ki, filmdə baş verən hadisələr köhnə Bakıda cərəyan edir: Səməd xanın həyat yoldaşı qız uşağını dünyaya gətirərkən vəfat edir. Sevimli həyat yoldaşının vəfat etməsi xəbərini xana çatdırarkən, öz sevimli arvadının ölümündə yeni doğulmuş uşağı günahkar bilən qəzəblənmiş xan körpənin məhv edilməsi əmrini verir. Lakin xanın qaravaşı əmri eşidəndə çox mütəəssir olur. O, qızcığazın dalınca gələnlərə yalvarır ki, uşağı ona versinlər, onsuz da o sonsuzdur, qızı da götürüb məmləkətdən çıxıb başqa bir yerə köçər. Xanın adamları qızı qaravaşa verib xana da xəbər verirlər ki, onun əmri artıq yerinə yetirilib. Qaravaş isə qızı da götürüb şəhərdən kənara köçərək, qulluqçuluqla məşğul olmaqla qızı böyüdüb saxlayır. İllər sonra xan ova çıxarkən qızı Gülnarla qəflətən rastlaşır və onun eynən rəhmətə getmiş həyat yoldaşının tam oxşarı olduğundan, öz qızı olduğunu anlayır və onu saraya gətirir. Gülnar anasının libaslarını geyinərkən xanda şəhvət hissi oyanır. O, Gülnarın simasında sanki vəfat etmiş arvadını görür. Hisslərini cilovlaya bilməyən ata, nəhayət, ürəyini qızına açır. Gülnar bu biabırçılığa dözməyib xanın onun üçün tikdirdiyi qaladan özünü dənizə ataraq həlak olur.

Filmin heyət üzvlərinin etnik mənsubiyyətinə nəzər saldıqda, düşüncə sahibi olan hər kəsə hər şey aydın olur:


Senari müəllifi: N. Breslav-Lurye
Quruluşçu rejissor: Vladimir Ballyuzek
Quruluşçu operator: Vladimir Lemke
Quruluşçu rəssam: Vladimir Ballyuzek
Qrim rəssamı: Georgi Parisaşvili



Filmin çəkilişindən 17 il sonra yazılmış “Qız qalası” balet əsərinin məzmunu müəyyən dərəcədə birinci ilə “ata-qız” süjet xətti baxımından eynilik təşkil edir: Qəddarlığı və zalımlığı ilə tanınmış Bakı hökmdarı Cahangir xan, oğlu – varisi doğulacağını səbirsizliklə gözlədiyi bir halda, qız övladının dünyaya gəlişi xəbərini qəzəblə qarşılayır. O, uşağı öldürməyi, anasını isə köləyə çevirməyi əmr edir. Lakin vəzirin uşağa yazığı gəldiyindən, onu dayəsinə verib, saraydan gizlicə uzaqlaşmalarına şərait yaradır. Aradan illər ötür. 18 yaşına çatmış Gülyanaq öz gözəlliyi ilə hamını heyran edir. O çox xoşbəxtdir, çox sevdiyi Polad adlı şəxslə ailə həyatı qurmağa hazırlaşır. Toyun qızğın məqamında xan öz adamları ilə kəndlilərin üstünü alır. Qızın bənzərsiz gözəlliyi ona vaxtı ilə sevdiyi keçmiş arvadını xatırladır. Xan qərar verir ki, Gülyanaq onun arvadı olmalıdır. Adi kəndli balası olan Polad sevgisi uğrunda xanla mübarizəyə qalxır. Cahangir xan əmr verir ki, Polad ölməlidir. Öz sevgilisinin həyatını xilas etmək üçün Gülyanaq xanın arzusunu yerinə yetirməyə razılaşır, lakin bunun qarşılığında şərt qoyur; xan onun üçün dənizin ortasında hündür qala tikdirməlidir. Cahangir xan razılaşır və onun əmri ilə bütün kənd camaatı tikintiyə cəlb olunur. Nəhayət, qala tikilib qurtarır. Xan toy tədarükünə başlamaq əmri verir. Hətta Gülyanağın doğma qızı olduğunu biləndən sonra da onu qəlbindən çıxara bilmir. Poladla xanın döyüşü sonuncunun ölümü ilə nəticələnir. Poladın öldüyünü zənn edən Gülyanaq ümidsizliyə qapılaraq, özünü dənizə atır və qala əbədi olaraq bakirəlik rəmzinə - “Qız qalası”na çevrilir.

Filmdə və balet əsərində təsvir olunan hadisələr, guya, Qız qalası tikilməmişdən öncə baş verib. Əslində isə onlar Qız qalasının tikintisi başa çatdırıldıqdan əsrlər sonra uydurulmuş əfsanədir. Bəlli olduğu kimi bir qalanın tikintisinə ayrılan zaman müddəti onilliklər boyu davam edir və hətta bir əsri belə əhatə edir. Ekranlaşdırılmış filmdə isə belə göstərilir ki, guya, xanın qızının tapşırığı ilə tikdirdiyi qala vaxtından da əvvəl, bir il müddətinə hazır olur.

Sözügedən film və balet əsərinin ekranlarda yer almasından sonra, xanın öz qızına aşiq olması və qızın özünü qaladan suya atmasına dair əfsanəsi xalq arasında çoxlu mübahisələrə səbəb olub və anlaşılmazlıqlara gətirib çıxarıb.

Aydın məsələdir ki, soyuna, kökünə yaraşmayan belə bir əfsanəni xalq yarada bilməzdi və deməli, onu kimsə uydurub və dillərə salıb. Onda bəs necə olub ki, bu əfsanə yaddaşlara da elə məhz bu formada həkk olunub? Bildiyimiz kimi efir, kino böyük təsiredici qüvvəyə və təbliğata malikdir. Bu baxımdan da rus idarəetmə sistemi bu üsuldan məharətlə istifadə etmiş və şəxsi təfəkkür tərzinə malik olmayan insanların düşüncəsinə sirayət etməyə müəyyən dərəcədə nail ola bilib.

Qalanın inşasının memarlıq üslubuna nəzər yetirsək, görərik ki, tikintisi təxmini XII əsrə aid olan qala əsrlər boyu gedən qanlı döyüşlərdə şəhəri yadelli işğalçılardan qorumaq məqsədilə salınıb və müdafiə xarakteri daşıyıb. Bunu abidənin tikinti quruluşu da sübut edir. Qala elə bir formada tikilib ki, şəhər düşmən tərəfindən fəth edildikdə, dövrün hökmdarı doğmaları ilə yanaşı əyan, əşrəfi də daxil olmaqla, qalanın daxilində uzun müddət müqavimət göstərə bilsinlər. Bütün bunlar qalanın şəhəri müdafiə xarakteri daşıdığına görə hər hansı bir xanın qızı üçün belə bir əzəmətli, bütün Şərqdə memarlıq üslubu baxımından tayı-bərabəri olmayan, dənizin ortasında, sal qayanın üzərində hündürlüyü 28 metr və 8 mərtəbədən ibarət qala saldırmasından söhbət gedə bilməz. Bir məqam da diqqəti çəkir; yadelli işğalçılardan qorunmaq məqsədilə Abşeron qalalarında bütün müdafiə sistemi qala damlarında qurulur və basqınlara müqavimət əsasən həmin çıxıntılardan aparılırdı.

Qız qalasında da mövcud olan bu arqument özünü bu baxımdan bir daha təsdiqləyir. Qalada qoyulmuş çıxıntı hissələri həm də şəhərə ən çox hücum gözlənilən şərq tərəfdən qoyulub. Qalanın cənub və cənub-şərq tərəflərini, xüsusilə dənizi nəzarət altında saxlamaq üçün mazğallar düzəldilib. Bir daha o qənaətə gəlirik ki, qala bir xanın qızı üçün yox, istehkam məqsədilə salınıb. Qalanın hücrələrində qoyulmuş mazğallar (tüfənglə sərrast güllə atmaq üçün yerlər) bunu təsdiqləyir. Hətta qazıntılar zamanı qalada tapılan su quyusunun altından Şirvanşahlar sarayına gedən, siyasi motiv daşıyan yeraltı gizli yolun mövcudluğu da aşkar edilib.

Tarixi qaynaqlarda qalanın inşasından sonra xalq arasında onu, üzərindəki ərəb dilində kufi əlifbası ilə həkk olunmuş formada - "Davudun oğlu Məsudun qülləsi" (bu, Qız qalasını tikdirən feodal hakimin ismi və ya çox ehtimalla onu inşa edən memarın adıdır), bəzi hallarda da ondan müxtəlif zamanlarda hansı məqsədlərlə istifadə olunduğu baxımından - atəşpərəstlik məbədi, rəsədxana, gözətçi qülləsi kimi də adlandırıb.

Belə ki, qalanın Qız qalası adını daşıması haqqında da xalqımızın şifahi poetik yaradıcılığında müəyyən rəvayətlər yer alıb. Xalqımızın minilliklər boyu hiss və həyəcanını əks etdirən, dərin təfəkkürünün məhsulu olan bu əfsanədə: hökmdar qızını onun sevmədiyi şəxsə ərə vermək istəyir. Şahzadə isə rəiyyət içindən çıxan, kasıb və sadə bağbana aşiqdir. Bu isə saray qayda-qanunlarına ziddir. Şahın qızı yalnız öz təbəqəsindən olan şəxslə ailə həyatı qura bilər. Hökmdara qızının bağbanla bir-birini sevdiyi xəbəri çatdırıldıqda o çox qəzəblənir; qızının qalada dustaq edilməsi və bağbanın edam olunması əmrini verir. Şahzadə buna dözməyərək, özünü qalanın damından dənizə atır. O zamandan da qala xalq arasında Qız qalası kimi adlanmağa başlayır.

Lakin sözügedən uydurulmuş rəvayətin əsasını təşkil edən “Qız qalası əfsanəsi” filmi televiziya ekranlarında nümayiş etdirildikdən sonra cahil kütlənin yaddaşına elə o formada da həkk olunub. Bəlli olduğu kimi o vaxtlar bisavadlığın və cəhalətin hökm sürdüyü bir zaman idi. Zəngin və çoxəsrli folklor, mədəniyyət, ədəbiyyat tarixinə malik olan Azərbaycan xalqının mədəni və tarixi irsinə dair bundan öncəki heç bir abidə və yazılı mənbələrdə bu sayaq tarixçəyə rast gəlinməyib. “Qız qalası” baletinin ilk səhnə təcəssümündən onilliklər sonra, 1959-cu və 1999–cu illərdə yeni redaksiyası təşkil edilir. İkinci redaktədə (1959-cu il) baletin quruluşçu baletmeysteri, sonralar SSRİ Xalq artisti və professor adına layiq görülmüş Qəmər Almaszadə, tamaşaya yeni bədii tərtibat verən isə onun qardaşı Ənvər Almaszadə idi. Bu redaksiyada Poladla Gülyanağın faciəsi, Cahangir xanın zalımlığı özünü daha kəskin büruzə etdirir. "Qız qalası"nın 2-ci redaktəsinin ifaçıları – Gülyanaq rolunda SSRİ Xalq artisti Leyla Vəkilova və öz sevgisini xanın pəncəsindən igidliklə qorumağa çalışan Polad surətinin yaradıcısı Xalq artisti Maqsud Məmmədovun adları Azərbaycan balet tarixində silinməz izlər qoyub.

Sonuncu, yəni 1999-cu ildə edilmiş üçüncü redaktədə baletin librettosu və musiqisi musiqişünas, professor, Azərbaycan Respublikasının Xalq artisti Fərhad Bədəlbəyli (Əfrasiyab Bədəlbəylinin qardaşı oğlu) tərəfindən təzədən işlənilərək, yeni formaya salınıb. Fərhad Bədəlbəyli tərəfindən edilib son redaktə və quruluşda baletin dramaturji xətti köklü dəyişdirilib və librettodan "ata-qız" xətti ümumiyyətlə çıxarılaraq, mətnin məzmunu xalqımızın mədəniyyət və əxlaq prizması baxımından öz məcrasına salınır.

Baletin yeni redaksiyasında balet truppasının bədii rəhbəri Yuliana Əlikişizadə, əsas rolların ifaçısı Əməkdar artist Mədinə Əliyeva və Xalq artisti Gülağası Mirzəyev olublar. Baletdə həmçinin Afaq Məlikovanın rəhbərlik etdiyi Dövlət Rəqs Ansamblının üzvləri də iştirak ediblər.

Əfrasiyab Bədəlbəylinin Qəmər xanımın şərəfinə yazdığı bu balet əsəri sonralar yeni balet nümunələrinin yaranmasına yol açıb.



Vəfa Gövhər,
Bakı Xoreoqrafiya Akademiyasının mətbuat katibi