Koronavirus narahatlığı anlaşılandır: Amma, aidiyyatı qurumlar virusa qarşı tədbir görür

“Koronavirus bütün dünyada qlobal bir məsələ olduğu üçün sadəcə bir ölkənin problemi deyil. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və mütəxəssislərin diqqəti hazırda bu virusa yönəlib. Həmçinin ölkə prezidentlərinin diqqətində olan məsələlərdən biri məhz koronavirusdur”.

Bu fikirləri Sherg.az-a açıqlamasında tibb elmləri üzrə fəlsəfə doktoru, həkim Şəmsiyyə Namazlı deyib.

Həkimin sözlərinə görə, təbii ki, bu, virus hər bir vətəndaşı maraqlandırır və narahat edir:

“Bu, təbii bir haldır və belə də olmalıdır. Çünki bütün televiziya kanallarında əhalinin tibbi maariflənməsi üçün işlər gedir. Ölkəmizdəki rəsmilərin, Səhiyyə Nazirliyinin və baş infeksionistin verdiyi məlumata görə, bu virus konkret olaraq Azərbaycanda aşkarlanmayıb. Amma son bir məlumat var ki, İrandan gələn vətəndaşlarımızdan xəstəxanada xüsusi otaqlarda saxlanılanları var. Təbii ki, belə də olmalıdır. Bu baxımdan azyaşlı uşaqdan tutmuş böyüklərə qədər hər kəsin özünü qoruması vacibdir. 



Şəmsiyyə Namazlı: “Tez-tez maye qəbulu və əllərin mütəmadi yuyulması vacibdir”


Bu virus hava-damcı yolu ilə yayıldığı üçün çox təhlükəlidir. Ona görə də əhali arasındakı təlaş təbii qəbul olunmalıdır. Çünki koronavirus çox sürətlə yayılır. Biz arxayın ola bilmərik ki, ölkəmizdə bu virus yoxdur və ya sabah heç kəsdə olmayacaq. Heç kim bu, virusa yoluxmaqdan sığortalanmayıb. Ona görə də Səhiyyə Nazirliyi tərəfindən ölkəmizdə əvvəlcədən tibbi profilaktik tədbirlər görülür. İnsanlar olduqca ayıq olmalıdır. Tez-tez maye qəbulu və əllərin mütəmadi yuyulması vacibdir. Eyni zamanda dezinfeksiya məhsullarından istifadə edilməlidir”. 

Maskalardan istifadə olunmasına gəlincə, həkim qeyd edib ki, tibbi maskalardan istifadə düzgündür və 5-6 saatdan sonra yenisi ilə əvəz edilməlidir:

“Maskalardan istifadə əhalinin şəxsi olaraq özünü qorumaq üçün atdığı addımdır. Ölkəmizdə koronavirusun yayıldığına dair rəsmi məlumat olmasa da, ehtiyatlı olub tədbiri əldən verməli deyilik. Vacib olan əsas məqam isə əllərin tez-tez yuyulmasıdır. Koronavirus olmamışdan öncə də hər zaman deyirdik ki, qışda virus və qripin sürətlə yayıldığı dövr olur. Bir zamanlar quş və donuz qripi də sürətlə yayılırdı. O zamanlar da əhalinin sıx olan yerlərdən uzaq durması, bol maye qəbulu, maskadan istifadəsi məsləhət görülürdü”.