“Müşfiq Şükürlü uğursuz və tənbəldir” - Rəşad Məcid

Yazıçılar Birliyinin katibi düşünür ki, gənc yazar Şərif Ağayarın təklifi ilə belə bir yazı yazıb. Çünki yazıda onun dəsti xətti hiss olunur...

  Gənc yazar Müşfiq Şükürlünün həmkarı Cavid Zeynallının “Tarix müəlliminin kədəri” hekayəsinə yazdığı tənqid ədəbi mühitdə birmənalı qarşılanmayıb.

Müşfiq Şükürlü Cavid Zeynallını plagiatçılıqda ittiham etməklə yanaşı, həm də hekayə haqqında müsbət fikirlər söyləyən Azərbaycan Yazıçılar Brliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin adını çəkib.

“Rəşad müəllim deyir: “Cavidin son hekayəsi məni hayıl-mayıl elədi. Amma duya bilmir ki, onu ram edən Cavidin hekayəsi deyil. Qətiyyən! Mövludun, Əkrəmin nəsridir. Klassiklərimizdən aldığı zövqü unuda bilmir Rəşad Məcid. Niyə? Çünki alternativ mətn yoxdur hələ ki. O da məcburdur axı, nədənsə zövq alsın. Təzə mətnlər oxumalıdır. Ədəbiyyat adamıdır. Baxma... Amma tapa bilmir. “Olanımız Caviddir” deyib bir Gənclər Katibi kimi sinəsinə döyür”.

Sherg.az saytı məsələyə münasibət öyrənmək üçün Rəşad Məcidlə əlaqə saxlayıb. Baş redaktor Müşfiq Şükürlünün qələminə bələd olduğunu və onu uğursuz yazıçı hesab etdiyini deyib:

“Müşfiq Şükürlü gəncdir. Yazıb yazıb da. Durum ona nə deyim? Məndən gətirdiyi sitatı da düz köçürə bilmir. Müşfiq Şükürlü nə “525-ci qəzet”də çalışanda, nə də Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən “Gənc ədiblər Məktəbi”ndə olanda özünü müsbət cəhətdən göstərə bilmədi. Adi bir informasiya yazmağı da öyrənmədi . Nə qədər çalışsam da onun yaxşı yazıçı, jurnalist kimi yetişməsinə kömək edə bilmədim. O, özü kimi uğursuzlarla yekəxana müzakirələri üstün tutdu. Hətta düşünürəm ki, Müşfiqin psixoloji problemləri var. Bu yaxınlarda Ömər Xəyyamla görüşəndə Müşfiqin “O kimdir ki, onunla oturursuz?!” sualı məni təəccübləndirdi. Elə fikirləşir ki, bizim kimlə oturub oturmamağımıza da qarışa bilər”.

Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibinin sözlərinə görə, Cavid Zeynallı Müşfiq Şükürlüdən dəfələrlə istedadlıdır:

“Cavid Zeynallı da vaxtilə “525- ci qəzet”lə əməkdaşlıq edib. Mən bilirəm ki, o, Müşfiqdən on dəfə yaxşı yazır. Reportajları indiyəcən yadımdadır. Müşfiqdən on dəfə istedadlı, yüz dəfə artıq zəhmətkeşdir. Müşfiqə məsləhət görərdim ki, belə qeybət etmək, paxıllıq çəkməkdənsə tənbəlliyin daşını atsın, bir işin qulpundan yapışsın. Heç olmasa adi bir informasiya yazmağı öyrənsin”. 

  Rəşad Məcid düşünür ki, Müşfiq Şükürlü Şərif Ağayarın təklifi ilə belə bir yazı yazıb. Çünki yazıda onun dəsti xətti hiss olunur:

“Mən bir zamanlar deyirdim ki, Şərif Ağayarla Kəramət Böyükçölün təhkiyəsini , dilin axıcılığını bəyənirəm. Görünür,  indi Cavidin hekayəsi haqda dediklərim Şərif Ağayarın qısqanclığına səbəb olub”. 

 Kənan Novruzov