Bakı metrosunda problem yarandı: Qatarlar tuneldə qaldı, sərnişinlər təxliyə olunur (YENİLƏNİB)

Saat 15:48-də “Bakı Metopoliteni”nə gələn elektrik xətlərinə cərəyan verilməsi müvəqqəti olaraq dayanıb.

Bu barədə Oxu.Az-a “Bakı Metroploliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, yaranan fasilə metroda qatarların hərəkətində problem yaradıb:

“Hazırda metroya gələn elektrik xətlərində yaranan problem aradan qaldırılıb. Yalnız “Xalqlar Dostluğu”, “Həzi Aslanov” və “Elmlər Akademiyası” stansiyalarında gələn elektrik enerjisində dayanıqlılıq yoxdur. Bu səbəbdən üç stansiyanın fəaliyyəti dayandırılıb. Tunellərdə qalan qatarlar dizel generatorlarının köməyilə stansiyalara çıxarılıb. Sərnişinlər stansiyalardan təxliyyə olunur”.

16:34

Bakı metrosunda qatarlar tuneldə qalıb. Metroda yaranan problemə Bakının elektrik enerjisi təchizatında yaranan nasazlıq səbəb olub. 

“Bakı Metroploliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli Sherg.az-a deyib ki, problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür:

“Metroda elektrik enerjisinin verilişində problem yaranıb, gərginlik səviyyəsi aşağı düşüb. Yəqin ki, problem bir neçə stansiyada müşahidə edilib. Hazırda dəqiqləşdirməyə çalışırıq. Problem “Koroğlu” stansiyasından üzü “Həzi Aslanov” istiqamətinə hərəkət edən qatarlarda yaranıb.  Təxliyyə məsələsi ilə bağlı yayılan məlumatlar əsassızdır. İctimaiyyətə əlavə məlumat veriləcək”.