Bakıda yollarda işıqforların fəaliyyəti dayandı

Bakıda elektrik enerjisinin müvəqqəti olaraq dayanması nəqliyyatın hərəkətinə də təsir göstərib. Oxu.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA)məlumat yayıb.

Bildirilib ki, metrostansiyaların yaxınlığında avtobusların operativ hərəkəti təşkil olunub:

“Elektirik enerjisinin kəsintisi ilə əlaqədar “Bakı Metropoliteni”nin “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “Neftçilər” və “Koroğlu” stansiyalarının ətrafında yarana biləcək sərnişin sıxlığının vaxtında aradan qaldırılması məqsədilə operativ tədbirlər həyata keçirilir. Belə ki, hazırda qeyd edilən metrostansiyaların ətrafına müntəzəm marşrut xətləri üzrə əlavə avtobuslar cəlb edilir. 

Həmçinin, elektirik enerjisinin kəsintisi ilə əlaqədar hazırda paytaxtın Nizami və Xətai rayonları ərazisindəki 20-yə yaxın kəsişmədə işıqforların fəaliyyəti dayanıb. İşıqforların işinin bərpası ilə bağlı hazırda müvafiq qurumlarla birgə operativ tədbirlər həyata keçirilir.

Eyni zamanda, işıqforların işləmədiyi kəsişmələr barədə aidiyyəti üzrə məlumat verilib və həmin kəsişmələrdə hərəkət Dövlət Yol Polisi əməkdaşları tərəfindən tənzimlənir.

Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq, hərəkət etmələri xahiş olunur”.