Bölgədə elan olunmamış müharibə gedir: Türkiyə İdlibdə rus "hərb maşını" ilə üz-üzədir

Ötən gün Əsəd rejimi İdlib şəhərində Rusiya hərbi təyyarələrinin hava dəstəyi ilə Türkiyə əsgərlərinə havadan zərbə endirib. Nəticədə 33 türk əsgəri şəhid olub. Türkiyə buna cavab olaraq Suriya ordusunun bütün hədəflərinə ardıcıl zərbələr endirib. Hücumdan sonra Türkiyə müdafiə naziri Hulusi Akar generalların müşayiəti ilə Suriya ilə sərhədinə gəlib. Generallar Hatay şəhərində İdlibdəki əməliyyatların idarəetmə mərkəzindən Əsəd qüvvələrinə qarşı əməliyyatı idarə ediblər. Akarın sözlərinə görə, əks hücum zamanı rejimin 200-dən çox hədəfi ağır atəş altına alınıb: “Nəticədə rejimə məxsus 5 helikpoter, 23 tank, 23 top, 1 SA-17, 1 SA-22 hava müdafiə sistemi və 309 əsgəri məhv edilib”. 

NATO müttəfiqi Türkiyəyə dəstək verdi 


NATO-nun baş katibi Yens Stoltenberq Türkiyəyə dəstəyini ifadə edib. Baş katib bildirib ki, Türkiyənin ötən gecə İdlibə edilən hücum zamanı əsgərlərini itirməsi NATO müttəfiqlərini dərindən kədərləndirib: “Bu kimi hücumları qınayırıq. Bəşər Əsədin rəhbərlik etdiyi əsgərlər bu hücumu həyata keçirdilər. Bildirirəm ki, bu kimi hücumlar dayandırılmalı, beynəlxalq qanunlara əməl olunmalı və BMT-nin dəstəklədiyi sülh prosesləri davam etdirilməlidir”. Stoltenberq 2018-ci il atəşkəsinin davam etməli olduğunu bildirib: “Əgər davam etməzsə, humanitar böhran daha da dərinləşəcək. NATO Türkiyənin yanındadır və Türkiyəni çox qiymətli müttəfiq olaraq görür. NATO Türkiyəyə dəstəyini bir neçə fərqli formada göstərəcək. Bunlardan biri havadan müdafiə yolu olacaq. Bu da Suriyadan gələn hava hücumlarının dayandırılmasını təmin edəcək. NATO-nun cənub-şərq sərhədini qorumağa davam edəcəyik. NATO müttəfiqləri bu gün Türkiyəyə dəstəyini təklif edir. Hava hücumundan müdafiə sistemlərini dəyişdirməyi təklif edirik. Erkən xəbərdarlıq və nəzarət uçuşları var. Ancaq NATO müttəfiqləri Türkiyəyə dəstəyini artırmaq üçün daha çox nələr edə biləcəyini araşdırmaqdadır”. 

Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər


Rusiya rəhbəri Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olaub. Rusiya xarici işlər naziri Sergey Lavrov telefon danışığının Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutduğunu qeyd edib: “Telefon danışığı zamanı İdlibdəki vəziyyət ətraflı müzakirə olunub. Telefon danışığı İdliblə bağlı indiyədək əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə həsr olunub. Bundan başqa, yaxın vaxtlarda bu və ya digər səviyyələrdə təmasların mümkünlüyü müzakirə edilib”.

“Rusiya təyyarələri hava hücumunda iştirak etməyib”


Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Türkiyə həmin bölgədə türk əsgərlərinin olduğu ilə bağlı məlumat verməyib: “Suriyada müxalifət qüvvələri İdlibdə böyük hücuma hazırlaşırdı. Biz həmin bölgədə türk əsgərinin olduğunu bilmirdik. Rusiya təyyarələri hava hücumunda iştirak etməyib”. Nazirlikdən qeyd olunub ki, Rusiya İdlibdə atəşkəsi qorumaq üçün əlindən gələni edir: “Amma türk əsgərləri onlara aid olmayan ərazidə olduqları üçün rejim əsgərləri tərəfindən vurulub”.

Ərdoğanın müşaviri: Ətrafı Putini satdı…


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici siyasət üzrə müşaviri Məsud Haqqı Caşın deyib ki, Rusiya yanlış etdi və tarixi fürsəti əlindən qaçırdı: “Biz nə Suriyanın, nə İraqın, nə kürdün, nə də ərəbin düşməniyik. Biz onlarla qardaşıq. Biz qardaşın qardaşı öldürməməsi üçün buradayıq. 29-na qədər vaxt vermişdik və bu gecə xain hücum gerçəkləşdirildi. Bunun qarşılığı veriləcək. Türkiyəni Ukraynada tətbiq edilən savaşla qarşı-qarşıya qoymaq istəyirlər. Yanlış edirlər. Rusiya tarixi fürsəti əlindən verdi, bizim etibarımızı itirdi. Putinin müşavirləri Putini satdılar”.

“Ərdoğan Moskva ilə mübahisə etmək istəməsə də, Türkiyəni buna məcbur edirlər”


Rusiyalı politoloq Qriqori Trofimçuk İdlibdə türk əsgərlərinə edilən hücumu şərh edərkən deyib ki, Türkiyə situasiyadan asılı olaraq Rusiya və ya İranla əməkdaşlıq etsə də, NATO üzvüdür.

Ekspertin sözlərinə görə, Ankaranın Suriyada öz maraqları var və Ərdoğan Əsədi həmişə özünə düşmən hesab edib: “Türkiyə-Suriya qarşıdurması ABŞ layihəsidir. 2013-cü ildən rəsmi Vaşinqton Türkiyəni bu çərçivəyə salmaq üçün əlindən gələni edir. Bu layihə Türkiyəni tamamilə qane etməsə də, bəzi nüanslara görə qane etdiyini deyə bilərik. Məsələn, Türkiyə PKK və bufer zonaları ilə olan problemlərinin həllindən razıdır”. Politoloqun fikrincə, Ərdoğan rəsmi Moskva ilə mübahisə etmək istəməsə də, Türkiyəni buna məcbur edirlər: “Qüvvələrinin Suriya ərazisindən çıxarılması ilə bağlı ABŞ-ın son açıqlaması da sonda Rusiya-Türkiyə münasibətlərini pozmağa hesablanmış addım idi. Moskva ilə Ankara arasında soyuma və istiləşmə dövrləri olub, var və olacaq. Lakin Rusiya ilə müharibə Türkiyənin planlarına daxil deyil”.



Türkiyənin hərbi əməliyyatları qətiyyətlə davam edəcək


İki ölkə arasında yaranmış növbəti böhranı “Şərq”ə dəyərləndirən politoloq Natiq Miri artıq heç nəyin əvvəlki kimi olmayacağını söyləyib. Ekspertin fikrincə, bu cür addımlarla Rusiya təkcə Suriyada deyil, Liviyada və digər münaqişə bölgələrində də nüfuzdan düşməkdə, beynəlxalq etimadını itirməkdədir:

“Türkiyə Ordusu hava dəstəkli hərbi əməliyyat keçirərək Əsədin bütün hədəflərini vurub. Hədəflər arasında Rusiya hərbi bazalarının yerləşdiyi Lazkiyə bölgəsi də olub. Türkiyənin hərbi əməliyyatları qətiyyətlə davam edəcək. Bu bir türk iradəsidir və bu iradənin qarşısında heç bir rus, ərəb, fars və “con”lar dayana bilməz. Türkiyə artıq siyasi qərarlar vermək ərəfəsindədir. Bu həm Rusiyaya, həm də NATO-ya aiddir. Əgər Rusiya İdlibdə hava məkanını Türk Hava Qüvvələri üçün açmazsa, Türkiyə İstanbul boğazını rus gəmilərinə bağlaya bilər. Çünki Türkiyə İdlibdə rus “hərbi maşını” ilə üz-üzədir və bölgədə elan olunmamış müharibə gedir. “Montro” anlaşmasına görə, Türkiyə müharibə şəraitində olduğu dövlətin gəmilərinə boğazı bağlaya bilər. Bundan sonra Suriyaya təchizat məsələsində Rusiya düşünmək məcburiyyətində qalacaq”.