“Hümmət” və “Bakinski raboçi” qəzetləri...

Mətbu orqanların nəşrə başlaması bir sıra çətinliklərdən keçib


1900-cü ilin dekabrında nəşrə başlayan "İskra" qəzeti Azərbaycanda yeni tipli dövrü mətbuatın bünövrəsini yaratdı. "İskra" bolşevik mətbuatının prinsiplərini müəyyənləşdirərək partiyalılıq, fəhlə sinfinin maraq və mənafelərini müdafiə etmək, inqilabi mübarizəyə sadiqlik, barışmazlıq kimi xüsusiyyətləri nəzəri baxımdan işləyib hazırladı. 1901-ci ilin yazından etibarən Bakı sosial-demkoratları Rusiya həmfikirliləriylə əlaqələr qurur, ideya təşkilati olaraq "İskra" ilə müntəzəm yazışmalar aparırdılar. 1901-ci ilin yayında, Bakıda gizli "Nina" mətbəəsi yaratmağa müvəffəq oldular ki, bu da Zaqafqaziya sosial-demokratların təbliğat imkanlarını genişləndirdi. Tarixi mənbələrə görə, "Nina" mətbəəsi ilə yanaşı, Bakıda daha beş gizli mətbəə fəaliyyət göstərirdi. Bu mətbəələrdə siyasi təşviqatın ən çevik və təsirli vasitəsi olan vərəqələrin çapı həyata keçirilirdi. RSDFP Bakı Komitəsi 1902-ci ilin dekabrından 1903-cü ilin iyun ayına qədər müddətdə ümumi tirajı 33 min nüsxə olan sayı 19-dan çox müstəqil vərəqə çap edərək əhali arasında yaymışdı. Azərbaycan dilində də bolşevik gizli mətbuatının ilk nümunələri inqilabi mahiyyət daşıyan siyasi vərəqələr olmuşdu.

Mətbuat tarixi üzrə araşdırmaçı, tarix üzrə fəlsəfə doktoru, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı "Azərbaycan mətbuat tarixi, 1875-1920-ci illər” adlı kitabında vurğulayıb ki, RSDFP II qurultayından sonra Azərbaycan bolşeviklərinin nəşriyyat fəaliyyətində gizli vərəqələrin buraxılışı sürətləndirildi. Müəllif vurğulayıb ki, yalnız 1904-cü ilin iyunundan 1905-ci ilin fevralına qədər Bakının gizli partiya mətbəələrində 80 adda 200 min nüsxəyə qədər vərəqə buraxılmışdı:

“1904-cü ildə M.Ə.Rəsulzadənin, M.Ə.Əzizbəyovun, N.Nərimanovun, S.M.Əfəndiyevin, P.A.Çaparidzenin bir araya gəlməsi ilə yaradılan "Hümmət" qrupu sosial-demokrat ideyasının daşıyıcıları olaraq nəşriyyat işini təşkil etməyə başladılar. Qrup vərəqələr və intibahnamələr buraxılmasına, onların əhali arasında yayılmasına çalışırdılar. 1904-cü ilin oktyabrında "Hümmət"çilər ilk sosial-demokrat nəşri olan Azərbaycan dilində gizli şəkildə "Hümmət" qəzetini nəşr etməyə başladılar. "Hümmət" təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində türkdilli xalqlar içərisində sosial-demokratların ilk mətbu orqanıdır. Bu mətbuat orqanının fəaliyyəti Rusiyada üç inqilab dövrünü, Azərbaycanın sovetləşməsi illərini əhatə edir. Birinci Rus inqilabı ərəfəsində və inqilabın ilk aylarında "Hümmət"in gizli 5-6 sayı, 1917-ci ilin iyun ayının 3-dən 1918-ci ilin iyul ayının sonlarınadək 113 nömrəsi çap olunub. Qəzet 1919-cu ilin mayından 1920-ci ilin mayına qədər Həştərxanda çap olunmuş, burada cəmi 44 nömrəsi işıq üzü görmüşdü. Ümumiyyətlə, "Hümmət"in 163 nömrəsi aşkarlanıb. “Hümmət”in yaranması, formalaşması ilk jurnalist və publisistlərinin kimliyi hələlik tam şəkildə müəyyənləşdirilməyib. Çünki qəzetin 1904-1905-ci il nüsxələri hələlik araşdırıcılara bəlli deyil. Mətbuat tariximizə "Hümmət"in birinci nömrəsinin başlığının surəti, üçüncü sayının materiallarından yalnız biri bəllidir. Qəzetin ilk sayının başlıq hissəsində Azərbaycan və rus dillərində nəşr tarixi göstərilmişdi: "1904-cü ilin oktyabrı". Hektoqraf üsulu ilə çap olunan qəzetin adı üzərində də məxsusi olaraq dayanmaq, onun ideya-siyasi istiqamətini müəyyənləşdirmək olar. Bu qəzetin "Hümmət" Partiyasının mərkəzi mətbuat orqanlarından biri kimi adının məxsusi siyasi əhəmiyyəti var”.

A.Aşırlı vurğulayıb ki, inqilabdan əvvəlki nəşrlər proletar beynəlmiləlçiliyin prinsiplərinə uyğun olaraq "Bütün ölkələrin proletarları birləşin" şüarı altında nəşr olunurdu: “Qəzetin ideya müəllifləri bu şüarın Azərbaycan variantını atalar sözü olan "Kişilərin birliyi dağı yerindən oynadar" şüarı ilə əvəzlədilər. Bu xalq məsəlinin digər qarışığı da dilimizdə qorunur: "El bir olsa, dağ oynadar yerindən", yaxud "El gücü, sel gücü", "Hümmət" ərəb sözü olan, Azərbaycan dilində "qeyrət", "birlik", "şücaət" mənasını bildirir. "Hümmət" qəzetinin ideya-siyası istiqamətinin müəyyənləşməsində, formalaşmasında XX əsr Azərbaycan tarixində, millətin taleyində böyük rolu olan, yaşadığı zamanda və ölümündən sonra ağır tənələrin, bəzən isə hədsiz təriflərin ünvanı olan Nəriman Nərimanovun böyük rolu, xidmətləri var. 1917-ci ilin iyun ayının əvvəlində "Hümmət" Partiyasının Təşkilat Komitəsi N.Nərimanovun rəhbərliyi ilə əməli tədbirlər planı işləyib hazırladı ki, bunlardan biri də "Hümmət" qəzetinin nəşrinin bərpa məsələsi idi. İclasda N.Nərimanovdan, S.M.Əfəndiyevdən, T.A.Şahbazidən ibarət redaksiya heyəti təşkil edildi. Qəzetin redaktoru Nərimanov, katibi isə Tağı Şahbazi təsdiq olundu və "Turan" mətbəəsində çapı planlaşdırıldı. Sonralar həmin günü xatırlayan T.Şahbazi yazırdı ki, çox işlərdən sonra 1917-ci il iyulun 3-də "Hümmət"in ilk nömrəsini çıxarmaq mümkün oldu. Qəzetin adı "Hümmət" Təşkilatının Mərkəzi Komitəsində müzakirə edildi. "Yoldaş", "Hümmət", "Təkamül" adları təklif edildi, lakin komitə təşkilatın adlandığı "Hümmət"in üzərində durdu.
Nəriman Nərimanov qəzetin məram və məqsədləri barəsində ilk bərpa sayında yazırdı: "Hümmət" qəzetəsi fəhlə və zəhmətkeşlərin hüququnu müdafiə edərkən, Rusiya müsəlmanlarına bu inqilab zamanında doğru yol göstərməyi də öz vəzifələrindən biri kimi bilir. Yolumuz artıq dərəcədə tikanlı, məşəqqətli olsa da, ali, müqəddəs məsləkimiz girdarımızın artmasına səbəb olur".
"Hümmət" qəzeti qısa bir vaxt ərzində özünə müəyyən oxucu kütləsi yığa bildi. Onun nüsxələri Azərbaycanın hüdudlarından xeyli kənara çıxdı. Qəzet Qafqazda, Volqaboyu müsəlman vilayətlərində, Türküstanda geniş yayıldı, hətta İranda və Türkiyədə onun oxucuları var idi”. 

Araşdırmaçı vurğulayıb ki, 1918-ci ilin may ayının 28-də milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından sonra “Hümmət” Həştərxanda nəşr olunmağa başladı: “Zaqafqaziya Müsəlman İşləri Komissarlığının D.X.Bünyadzadənin başçılıq etdiyi nəşriyyat şöbəsi, 1919-cu ilin martın 29-da "Hümmət"in yenidən nəşr olunması, onun maddi-texniki bazasının yaradılması, qəzetin ətrafında təcrübəli jurnalistlərin toplanması üçün müəyyən tədbirlər həyata keçirməyə başladı. Komissarlıq 1919-cu il martın 29-da Saritsinə M.S.Ordubadinin adına göndərdiyi məktubda ondan Həştərxana gəlməyi, nəşriyyatın işində yaxından iştirak etməyi xahiş edirdi. 1919-cu ilin mayından yenidən çıxmağa başlayan "Hümmət" əvvəllər Zaqafqaziya Müsəlman İşləri Komissarlığı və Qafqaz Müsəlman Kommunist Təşkilatı "Hümmət"in, 1919-cu ilin noyabrında isə RK Bolşeviklər Partiyası, "Hümmət" təşkilatı Həştərxan Bürosunun orqanı kimi nəşr olunurdu. Qəzet həftəlik nəşr olunmağa başladı. İlk vaxtlar qəzetə D.Bünyadzadə redaktorluq edirdi, sonralar bu iş M.S.Ordubadiyə həvalə olundu. "Hümmət"in nəşri 1920-ci ilin may ayına qədər davam etdi. "Hümmət"in Həştərxan dövründə 44 nömrəsi çap olunub”. 

Tədqiqatçı bəyan edib ki, 1906-cı ildə Azərbaycan bolşevikləri rus, Azərbaycan və digər dillərdə leqal və gizli surətdə 7 qəzetin nəşrini həyata keçirə bilmişdilər ki, bunlardan biri də "Bakinski raboçi" olub: “Qəzetin ilk sayı 1906-cı ilin mayın əvvəlində buraxılmışdı. Onun nəşrinin təşkilində və çapa hazırlanmasında bolşeviklərdən P.A.Çaparidze, V.P.Nagin, V.A.Radus-Zenkoviç və başqaları yaxından iştirak etmişdilər. İlk sayında qəzet inqilabi işlərdə proletariatın gücü və rolu, fəhlə sinfi ilə kəndlilərin ittifaqının əhəmiyyəti ətraflı şəkildə izah edilirdi. Həmçinin Bakı fəhlələrinin ağır maddi vəziyyətinə, xalqın siyasi hüquqsuzluğuna dair yazılar dərc edilirdi. Gizli şəraitdə fəaliyyət göstərməyin çətinlikləri, polis təqiblərinin artması "Bakinski raboçi"nin birinci nömrəsindən sonra çapına son qoydu. "Bakinski raboçi" 1908-ci ildə leqal fəaliyyət göstərməyə başlasa da, yenidən çapını dayandırmalı oldu və doqquz illik fasilədən sonra, 1917-ci ilin mayın 5-də yenidən işıq üzü görməyə başladı və ilk sayında Leninin məşhur "Aprel tezisləri"ni dərc etdi. Qəzet öz oxucularına müraciətlə yazırdı: "Fəhlə yoldaşlar, yalnız siz öz qəzetinizə kömək edə bilərsiniz və kömək etməlisiniz. Biz yardım, kömək və məsləhət üçün sizə müraciət edirik. Dərhal vəsait toplanmasını təşkil edin. Bu iş təxirə salma bilməz. Yubanmaq olmaz. Hər gün, hər saat qiymətlidir. Qoy hər bir rayonda, hər bir zavodda, hər bir emalatxanada, hər bir kontorda, dostlarınızın işlədikləri hər bir yerdə vəsait toplanılmasına başlanılsın. Qısa bir müddətdən sonra qəzetin fondu üçün vəsait toplandı. Bütün bunlara baxmayaraq qəzet mövcud çətinliklər içərisindən çıxış yolları arayır, nəşrini davam etdirirdi. "Bakinski raboçi" həmin günlər öz nömrələrinin birində yazırdı: "İş ondadır ki, çörək və başqa aclıqla bərabər indi də biz kağız aclığı keçiririk. Bütün aclıqlar kimi, kağız aclığı da burjuaziya üçün yox, proletariat üçündür. Biz ona görə aclıq keçiririk ki, çünki dövlətlilər özləri üçün ehtiyat toplayıblar". 
Bakı Partiya Komitəsi "Bakinski raboçi" qəzetinin nəşrilə əlaqədar məsələlərin həllinə diqqət yönəldir, bu mətbu orqanın təbliğat imkanlarından istifadə edirdilər. Ona görə də qəzet Bakı Soveti İcraiyyə Komitəsinin mətbəəsində
4000 nüsxə tirajla çap olunurdu. Bütün bunlara baxmayaraq qəzet nədənsə maliyyə problemlərini önə çəkir və yazırdı: "Bizim qəzetin heç bir əməkdaşı bir qəpik də haqq almır. Gizli mətbuat buraxıldığı vaxtlarda olduğu kimi, indi də qəzetimizin əməkdaşları qətiyyən pul olmadan işləyirlər".