Bizdə maşın bahadır: Gürcüstanda ən kasıb adam da son model avtomobil ala bilir

Son zamanlar ölkənin maşın bazarında durğunluq müşahidə olunur. Ekspertlər bu sabitliyin yaz aylarına qədər davam edəcəyini və aprel ayından etibarən qiymətlərin bahalaşacağını deyirlər.

“Avtosfer” saytının redaktoru Elməddin Muradlı isə Sherg.az-a açıqlamasında deyir ki, bu, bir az təəccüblüdür:

“Adətən yay aylarında avtomobillərin qiyməti ucuzlaşır. Bahalaşma isə ilin əvvəlində və sonunda müşahidə olunur. Ancaq tədricən avtomobillərin qiymətinin bahalaşması gözlənilməz deyil. Bu, gömrük rüsumu ilə bağlıdır. İkinci bir tərəfdən isə avtomobil alqı-satqısı ilə məşğul olan şəxslər üçün normal şəraitin yaradılmaması və bizim dünya təcrübəsindən istifadə etməməyimiz də məsələyə təsir edən amillərdəndir. Həm də təhlükəsizlik baxımından köhnə avtomobillərin ölkəyə gətirilməsi qadağan olunduğuna görə, insanlar məcbur olub yeni avtomobillər alırlar. Təbii ki, yeni avtomobilin də qiyməti daha baha olur. Ancaq gərək Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi, Dövlət Yol Polisi də insanların bu qadağaya əməl etmələrinə şərait yaratsınlar. Məsələn  qonşu Gürcüstanda ən kasıb adam belə son model avtomobil ala bilir. Bizdə isə bu, mümkün deyil”. 

Ekspertin sözlərinə görə, gələcəkdə avtomobillərin qiymətində nisbətən ucuzlaşmanın olması istisna edilmir:

“Düzdür, ildən-ilə qiymətlər bahalaşır. Ancaq Ələtdə Azad Ticarət Zonasının yaradılması məsələyə müsbət təsir göstərə bilər. Düşünürəm ki, Azad Ticarət Zonası sayəsində həm yerli, həm də xarici istehsallı avtomobillərin qiyuməti ucuzlaşacaq”.