Vacib hərbi təlimlər:“Ordu döyüşə hazır vəziyyətdə...”

“Qarabağla bağlı aparılacaq danışıqların heç bir nəticəsi olmayacaq. Azərbaycan bu mərhələyə hazırlanmalı və hərbi eskalasiya ilə vəziyyəti dəyişməlidir”

“Ona görə də hərbi təlimlərlə ordunun döyüşə hazır vəziyyətdə saxlanılması zəruridir”




“Azərbaycan növbəti dəfə öz ordusunu təlimlərə çıxardı. Bu təlimlər Ermənistanın hazırda apardığı siyasətə rəsmi Bakının cavabıdır.”
Bunu "Sherg.az"a açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişə İnstitunun rəhbəri Məhəmməd Əsədullazadə deyib. 
Analitik bildirib ki, hazırda danışıqlar prosesində ciddi irəlləyişlər İrəvan tərəfindən tormozlanıb: 

“Apeldən sonra gözlənilən danışıqlar prosesinin detalları Paşinyanla separatçılar arasında müzakirə edilir. Qarabağdakı separatçılar kəskin şəkildə güzəştə hazır deyillər və bunu Moskva ilə koordinasiya edirlər. Əgər, martın 31-də qondarma rejimdə Paşinyan öz adamını rəhbərliyə gətirə bilərsə, onun siyasi mövqeləri möhkəmlənə bilər. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona növbəti səfəri istisna deyil. Çünki apreldən sonra danışıqlar mərhələsinin növbəti raundu başlanacaq. Əgər Qarabağdakı separatçıların başına Paşinyan öz adamını gətirərsə, Qarabağın azəbaycanlı və erməni icmaları da danışıqlar formatında yer ala bilər. Minsk Qrupunun həmsədrləri də bu istiqamətdə çalışır. Bu, danışıqlarda yeni format olsa da, ümumən “Yenilənmiş Madrid Prinsipləri” üzrə danışıqlar davam etməlidir. Paşinyanın bu təklifi Azərbaycan tərəfindən qəbul edilib”.



Siyasi şərhçinin sözlərinə görə, erməni baş nazir güzəştə təktərəfli deyil, Qarabağdakı ermənilərin razılığı ilə getməyə çalışır: 

“O, bu siyasəti rəhbər tutaraq daxili böhrandan çəkinir. Amma bu, o demək deyil ki, Ermənistan işğal etdiyi əraziləri boşaldacaq. Bu, imitasiya da ola bilər. Apreldən sonra Qarabağın azərbaycanlı və erməni icmalarının görüşü baş tutarsa, danışıqlar formatında yenilənmə olacaq. Bu da Pişkek protoklunda olduğu kimi maraqlı tərəflərin danışıqlara cəlb olunmasıdır. İcmaların görüşü əsasən, Dağlıq Qarabağın statusu və birgəyaşayış və s. məsələlərlə bağlı olacaq. Azərbaycan tərəfi bu danışıqlarda maraqlıdır”.

M.Əsədullazadənin fikrincə, “Qarabağ klanı” hələ də öz təsir dairəsini saxlayır:
“Ermənistanda hakimiyyəti itirsələr də onların növbəti hədəfi Qarabağda rəhbərliyi öz əllərində saxlamaqdır. Buna nail olsalar, Paşinyan üçün çətin günlər gözlənilməklə yanaşı, Qarabağla bağlı aparılacaq danışıqların heç bir nəticəsi olmayacaq. Azərbaycan bu mərhələyə hazırlanmalı və hərbi eskalasiya ilə vəziyyəti dəyişməlidir. Ona görə də hərbi təlimlərlə ordunun döyüşə hazır vəziyyətdə saxlanılması vacibdir”.