İaşə obyeklərində yenə siqaret çəkilir – Qanuna mane olurlar


“Bu istiqamətdə qanunda normalar var, sadəcə onun mexanizmləri yetərli deyil”

“Siqaret istehsalı ilə məşğul olan qurumlar qanunun tətbiqinə mane olmağa çalışır. Ona görə də bu işlə məşğul olanlar qanunun tətbiqində maraqlı deyillər"


Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən qadağan olunmuş yerlərdə siqaret çəkənlərə qarşı tədbir görülür. “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılır, tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədilə bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Bir çox məkanda əhali arasında geniş izahat işləri aparılıb.

Bununla yanaşı, qeyd edək ki, yenə də bu məsələ həllini tapmır.  Bəzi iaşə obyektləri qanusnzu olaraq siqaretin çəkilməsinə icazə verir. Bunu isə “siqaretə qadağa qoyulan yerə müştəri gəlmir” fikri ilə izah edir. 

Maraqlıdır, buna dair qanun niyə qəbul olundu və niyə işləmir?    



Suallarımızı  cavablandıran “Konstitutsiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Sherg.az”a açıqlamasında bildirib ki, ölkəmizdə qanunlar qəbul edilsə də, tətbiq olunmur:

“Qanun qəbul edilərkən düşünmək lazımdır ki, bu qanun necə və kimlər üçün hazırlanmalıdır. Eyni zamanda qanun nə perspektivlərinin  hansı nəticələrə gətirib çıxaracağını düşünmək vacibdir. Digər vacib önəmli budur ki, həm qanun qəbul edilənə qədər, həm də ondan sonra qanunun geniş təbliği olmalıdır. Təəssüf ki, ölkəmizdə nə qanun qəbul edilərkən, nə də sonra onun əhəmiyyəti ilə bağlı geniş müzakirələr aparılır. 

Hazırda tütündən istifadənin məhdudlaşdırılması ilə bağlı geniş tədbirlər həyata keçirilir. Əlbəttə ki, Azərbaycanda bu qanunun qəbulu yaxşı haldır. Ölkəmizdə ictimai yerlərdə siqaretin çəkilməsini qadağan etməliyik. Bu istiqamətdə qanunda normalar var, sadəcə onun mexanizmləri yetərli deyil”.

Ə.Nuriyev qeyd edib ki, siqaret istehsalı ilə məşğul olan qurumlar qanunun tətbiqinə mane olmağa çalışır:

“Çünki siqaret böyük gəlir gətirən bir sahədir. Ona görə də bu işlə məşğul olan şəxslər o qədər də maraqlı deyillər ki, qanunun tətbiqi real olaraq həyata keçirilsin. Polis orqanları tərəfindən atılan addımlar olduqca vacibdir. Qanunun tətbiqi əhalinin siqaretdən istifadəsinin məhdudlaşdırılmasına gətirib çıxara bilər. Ümumiyyətlə, hər zaman bütün dünya siqaretin sağlamlığa, ətraf mühitə vurduğu ziyanlardan danışır. Ona görə də bu istiqamətdə addımların atılması çox vacibdir”.