Əsəd yalvarır...

Türkiyə artıq Qərbin dəstəyini alıb

“Bahar qalxanı” əməliyyatları davam etsə, Əsədin Suriyada mövqeyi daha da zəifləyə bilər

Suriyanın İdlib bölgəsində 33 hərbçinin şəhid olmasından sonra Türkiyə ordusu tərəfindən başladılan “Bahar Qalxanı” əməliyyatı davam edir. Türkiyə Silahlı Qüvvələri 5 gün ərzində Əsəd rejiminə vurulan zərbənin miqyasını rəsmən açıqlayıb. Əməliyyat nəticəsində 2 qırıcı, 135 tank, 8 helikopter və 2 min 557 silahlı məhv edilib. Türkiyə Milli Müdafiə naziri Hulusi Akar deyib ki, türklərə edilən hücuma TSQ tərəfindən ən şiddətli və tərəddüdsüz şəkildə cavab verilib: “Bölgədəki humanitar faciəyə son qoymaq, qoşunlarımızın, xalqımızın və sərhədlərimizin təhlükəsizliyini təmin etmək, bölgədə sülh, əmin-amanlıq və sabitliyi təmin etmək üçün başlatdığımız əməliyyat davam etməkdədir”. 
Türkiyə ordusunun Suriyadakı əməliyyatlarını 2-ci ordu komandanı general Sinan Yayla idarə edir. Generalın həlledici məqamlarda əmrləri Türkiyə ordusunun ciddi uğurlar qazanmasında böyük rol oynayıb. Məlumata görə, buna qədər müxtəlif əməliyyatları idarə edən generalın təcrübəsi onun İdlib əməliyyatlarının idarə edilməsinə təyinatında rol oynayıb. 

Ərdoğan: “Tək hədəfimiz budur və buna hörmət edin” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Suriyada bu günə qədər nə İranı, nə də Rusiyanı birbaşa hədəf seçib. Ərdoğanın sözlərinə görə, bölgədə keçirilən əməliyyatlarda sadəcə türk əsgərini şəhid edən rejim hədəfdir: “Buna hörmət edilməsini gözləyirik. Belə zamanlarda əsl dost və gizli düşmən ortaya çıxır. Bu mübarizə şəxsi seçimimizlə deyil, millətimizin iradəsi ilə reallaşdı. 15 iyulda Türkiyə niyə çölə çıxmışdısa, bu gün də eyni səbəblə Suriyadadır. Heç kim nə ABŞ-a, nə də Rusiyaya “Niyə Suriyadasınız” demir. Türkiyədən isə bunun hesabını istəyirlər”. 

Türklərin zəfəri xalqı küçələrə çıxardı...

“Bahar qalxanı” hərbi əməliyyatlarına yerli xalq böyük dəstək nümayiş etdirib. Türkiyə və Suriyanın bayraqları ilə küçələrə axışan kütlə rejimə qarşı şüarlar səsləndirib. Dinc əhali Əsəd rejimi cəbhəsində savaşan Rusiya və İranı protest edərək türkcə və ərəbcə “9 ildə ilk dəfə səmadakı bir təyyarədən qorxmadıq”, “türklərin müdaxiləsini məmnuniyyətlə qarşılayırıq”, “Çanaqqalada məzarlarımız qonşu idi, İdlibdə qanlarımız qarışdı” yazıları ilə pankartlar açıb. Suriya xalqı dəstək üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Çavuşoğlu ilə Lavrov arasında telefon danışığı...

Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında da telefon danışığı olub. XİN başçıları hər iki ölkə prezidentlərinin baş tutacaq görüşləri barədə fikir mübadiləsi aparıblar: “Bizim nazir rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparıb. Liderlərin görüşü öncəsi məsələlər müzakirə olunub”. 

Kremldən şok: Türkiyənin burada olması qeyri-qanunidir

Kreml sözçüsü Dmitri Peskov bəyan edib ki, Rusiya xaricində bütün ölkələrin əsgərləri Suriyada beynəlxalq hüquqa zidd olaraq yerləşdirilib. O, Rusiya və Türkiyə prezidentlərinin 5 mart tarixində Moskvada görüşəcəyini bildirib. Peskov İdlibdəki vəziyyətlə bağlı baş tutacaq görüşün olduqca mürəkkəb atmosferdə keçəcəyinə də diqqət çəkib.

Böyük itkilər verən Əsəd dünyaya yalvardı: “Türkiyəni dayandırın!”

Türkiyə ordusunun qisas əməliyyatından qorxuya düşən Əsəd Avropa ölkələrindən kömək istəyib. Suriyanın BMT-dəki daimi təmsilçisi Bəşər Cəfəri Avropa ölkələrinin Türkiyəni dayandırmasının vacib olduğunu bildirib. BMT Təhlükəsizlik Şurasında danışan Cəfəri iddia edib ki, Türkiyə sülhsevər suriyalıları müharibəyə sürükləyir, NATO-nu özünün macəralarına alət edir və Avropa İttifaqına girişi asanlaşdırmaq üçün miqrantlardan istifadə edir. Avropa beynəlxalq hüquqa əməl etməli və öhdəliklərini yerinə yetirməlidir”.

Avropa qorxuda: Türkiyəyə yardım etməliyik!

Rəsmi Ankaranın bir neçə gün öncə miqrantlar üçün Avropaya sərhədləri açması qoca qitənin ölkələrində ciddi narahatlığa səbəb olub. Qısa zamanda Avropaya üz tutan miqrantların sayı 100 mini keçib. Bolqarıstan baş naziri Boris Boyko deyib ki, belə bir vəziyyətdə Türkiyə də daxil olmaqla, heç bir ölkə yalnız buraxılmamalıdır. O, tez bir zamanda Türkiyəyə yardım edilməsinin vacibliyini diqqətə çatdırıb. 

Haftar Əsədlə Türkiyəyə qarşı birləşir?

Liviya Milli Ordusunun komandanı Xəlifə Haftarın rəhbərliyi ilə yaradılan müvəqqəti hökumətin nümayəndə heyəti Suriya hökumətinin üzvləri ilə görüşüb. Görüşdə siyasi, təhlükəsizlik və informasiya məsələləri sahəsində koordinasiya ilə yanaşı, Türkiyənin əməliyyatlarının da müzakirə edildiyi bildirilib. Ekspertlər bu görüşü “Türkiyənin düşmənləri müttəfiq olur” şəklində təqdim ediblər. 

“Putin-Ərdoğan görüşü regionun taleyi baxımından böyük önəm kəsb edir”



“Bahar qalxanı” əməliyyatı ilə bağlı fikirlərini “Şərq”ə bildirən politoloq Qabil Hüseynli deyib ki, Suriyada 33 türk əsgərinin şəhid olmasının ardından Türkiyənin hərbi əməliyyatlara başlaması gözlənilirdi. Siyasi şərhçinin sözlərinə görə, son hadisələr Türkiyənin səbrini daşırıb və bu əməliyyat ilk növbədə şəhid olan türk əsgərlərinin intiqamının alınmasına yönəlib:

“Hərbi əməliyyat nəticəsində artıq Bəşər Əsədin ordusu ciddi itkilərə məruz qalıb. Digər tərəfdən bu əməliyyat özlüyündə Rusiyanın ünvanına mesaj xarakteri də daşıyır. Suriyada gedən silahlı toqquşmalar Türkiyə-Rusiya münasibətlərini arzuolunmaz həddə gətirib. Bu baxımdan martın 5-də Ərdoğanın Moskvaya səfəri və iki ölkə prezidentinin görüşü olduqca maraqla gözlənilir. Bildiyiniz kimi, Rusiya İstanbuldakı 4-lü görüşdən imtina etmişdi. Putin düşünürdü ki, Türkiyə mövcud vəziyyətlə barışacaq. Lakin “Bahar qalxanı” əməliyyatı bu düşüncəni alt-üst etdi. Bununla yanaşı, Ərdoğan Qərbin dəstəyini almağı bacardı. “Bahar qalxanı” əməliyyatları davam etsə, Əsədin Suriyada mövqeyi daha da zəifləyə bilər. Bu səbəbdən Putin Ərdoğanla görüşdə maraqlıdır. Qarşıdan gələn görüş olduqca əhəmiyyətlidir və düşünürəm ki, regionun taleyi baxımından böyük önəm kəsb edir. Fikrimcə, Rusiya Türkiyədən əməliyyatı dayandırmasını istəyəcək. Bunun üçün isə əsaslı bir təklif irəli sürməlidir. Bu və digər səbəblərdən deyə bilərəm ki, Rusiya Türkiyəyə güzəştə gedəcək”.