"Moskva köhnə oyununu oynayır" - ŞƏRH

“Rusiya Suriyadakı hərbi bazalarını Ağ dənizdə saxlamaqla həm bölgəyə nəzarəti itirməmək, həm də Ankaraya təzyiq etmək niyyətindədir”


“Rusiya rəsmiləri iddia edirlər ki, onları Əsəd hökuməti özü dəvət edib və ona görə də orada qalmağa hüquqi əsasları var. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan isə deyir ki, türk ordusunu israrla bölgəyə çağıran məhz Suriya xalqıdır”. 
Bunu “Sherg.az”a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.
 Analitikin sözlərinə görə, əgər Rusiya qanuni hökumətlərin çağırışına belə əməl edirsə, o zaman dəvətsiz girdiyi Liviyanı tərk etməlidir: 



“Liviyanın qanuni hökuməti Trablusda yerləşən Sərrac hökumətidir və bu qanuni hökumət Türkiyəni ora dəvət edib. Həm də Liviyanın qanuni hökuməti Əsəddən fərqli olaraq BMT tərəfindən tanınır.

Bəs onda Moskva niyə üsyançı general Hafteri dəstəkləyir? Reallıq odur ki, Hafter Rusiyada təhsil alıb, həm də Amerika kəşfiyyat orqanlarının əlaltısı kimi fəaliyyət göstərib.

O, Səudiyyə Ərəbistanı, Misir kimi oyuncaq hökumətlərin yardımı ilə Liviyaya sahib olmaq istəyən fiqurdur. Bu baxımdan Rusiyanın “Suriya xalqına kömək etmək”, “terrorçularla mübarizə aparmaq” sözləri həqiqi məqsədi gizlətməkdən başqa bir şey deyil.
Rusiyanın Suriyada hərbi bazalarını Ağ dənizdə saxlamaqla həm bölgəyə nəzarəti itirməmək, həm də Ankaraya təzyiq etmək niyyətindədir.  Bu isə Moskvanın köhnə strategiyasıdır və əksər bölgələrdə bunu tətbiq edir”.