“Ermənistan regionda sabitlik üçün ən böyük təhlükədir” 

Əlisahib Hüseynov: “Bunu beynəlxalq vasitəçilər də, region ölkələri də çox yaxşı bilirlər”


“Nikol Paşinyanın sülhdən danışmağa mənəvi haqqı yoxdur”.

Bunu “Sherg.az”a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib. 

Partiya sədri bildirib ki, Paşinyan riyakarlıq edir və sadəcə görüntü yaratmaqla, imitasiya ilə məşğuldur: 



“Qonşu Gürcüstana rəsmi səfərə gələn Ermənistan baş naziri Nikol Paşinyan gürcü həmkarı Giorgi Qaxaria ilə mətbuata birgə açıqlamasında deyib ki,“sülh danışıqlarının alternativi yoxdur və regional problemlərin yeganə həll yolu sülh danışıqlarıdır”. Ancaq erməni baş nazir özü Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində hər hansı konstruktiv addım atmaq əvəzinə, daim destruktiv mövqelərdən çıxış edir. Təxribat xarakterli açıqlamaları ilə onsuz da gərgin olan vəziyyəti bir qədər də gərginləşdirir. Ermənistan tərəfi sülh danışıqlarını hər cür vasitələrlə pozmağa çalışır. Paşinyan kimi bir avantüristin, küçə siyasətçisinin idarə etdiyi Ermənistan əslində regionda sabitlik üçün ən böyük təhlükədir. Bunu beynəlxalq vasitəçilər də, region ölkələri də çox yaxşı bilirlər”.