“Bunu Türkiyə etsəydi, Avropa ayağa qalxardı” – AKTUAL ŞƏRH

Elxan Şahinoğlu:“Yunanıstan iki miqrantı öldürsə də, Brüssel bu ölkəyə dəstək ifadə edib”

“Ankaranın cavabı belədir ki, hansı köçkün Türkiyədə qalmaq istəyirsə, bunda problem yoxdur, ancaq Avropaya köçmək istəyənlərin qarşısını almayacaqlar”





İllərdir Türkiyədə yaşayan suriyalılar üçün Avropa İttifaqına keçidə icazə verilib. Ankara bu addımı Əsəd hökumətinin Rusiyanın dəstəyi ilə Türkiyə Silahlı Qüvvələrinə hücumu və 33 əsgəri şəhid etməsindən sonra atıb. Bir neçə gün ərzində yüzminlərlə insan Yunanıstanla sərhəddə axışıb. Yunanıstan hökuməti ordunu sərhəddə tökərək, tikanlı məftilləri keçmək istəyənlərdən iki nəfərini öldürüb, bir nəfəri isə yaralayıb. Buna cavab olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Sofiya şəhərində Yunanıstan liderinin də iştirakı ilə planlaşdırılan üçtərəfli zirvə görüşündən imtina edib. Ərdoğan Yunanıstanın sərhəddə qaçqınlara qarşı nümayiş etdirdiyi sərt mövqeni qınayıb. 

Avropaya qaçqın axınını “Şərq”ə dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, əgər bunu Türkiyə etsəydi, Avropa ayağa qalxardı. Ancaq Brüsseldən gələn açıqlamada Yunanıstana dəstək ifadə edilib.
Politoloq bildirib ki, Bolqarıstan da miqrantların sərhəddə toplanmasından çəkinir: 




“Avropa İttifaqının ən kasıb dövləti olan Bolqarıstan miqrantları qəbul etməyə hazır deyil. Ancaq Yunanıstandan fərqli olaraq Bolqarıstanın Türkiyə ilə münasibətləri normaldır. Bolqarıstanın baş naziri Boyko Borisov təcili Ankaraya gedərək Ərdoğanla görüşüb. Ərdoğan Borisovla dostluğunu bir daha təsdiq etsə də, Bolqarıstan baş nazirinin “gəlin Sofiyada Siz, mən və Yunanıstanın baş naziri görüşək” təklifini rədd edib. Ərdoğan birgə mətbuat konfransında Avropa İttifaqını sərt tənqid edib. Brüsselin miqrantlar üçün vəd etdiyi 6 milyard dolları ayırmadığını bildirib. Türkiyə 9 ildə suriyalı miqrantlara 40 milyard dollara yaxın pul xərcləyib. Miqrantlara Avropa istiqamətində hərəkətə sərbəstlik verdikdən sonra Brüsseldən Ankaraya bu məzmunlu zəng gəlib: “Miqrant axınını dayandırın, Sizə təcili 1 milyard dollar ayıraq”. Ərdoğan Brüsselin bu təklifini rədd edərək, “artıq gecdir” cavabını verib. Beləliklə, Borisov Ankaradan əliboş dönüb”. 

Politoloq vurğulayıb ki, Ankara miqrant yükünü təkbaşına daşımaq istəmir: 

“Avropanın yanaşması belədir ki, “Suriya və miqrantlar bizim problem deyil, hadisələr Türkiyə sərhəddində baş verir, qoy əziyyətini Ankara çəksin”. Ankaranın cavabı isə belədir ki, hansı köçkün Türkiyədə qalmaq istəyirsə, bunda problem yoxdur, ancaq Avropaya köçmək istəyənlərin qarşısını almayacaqlar. Avropa növbəti qaçqın axınına hazırlaşmalıdır”.