“Ölkəmizdə koronavirusa qarşı mühüm tədbirlər görülür”


Seymur Orucov:"Xəstələr üçün müasir tibb standartlarına uyğun xüsusi saxlanma yerləri hazırlanıb, laboratoriyalar müəyyən olunub”

“Dərman preparatlarının və digər tibbi ləvazimatların alınması üçün dövlət başçının tapşırığı ilə 10 milyon vəsait ayrılıb”




“Çox güman ki, 1-2 həftə ərzində virusla bağlı narahatlıq tamamilə aradan qalxacaq”. 

Bunu "Sherg.az"a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

YAP təmsilçisi bildirib ki, koronavirusun yayılması Azərbaycandan asılı məsələ deyil və təbiətdən gələn ümumi bəladır. 

Onun sözlərinə görə, tarix boyu bu cür xəstəliklər yayılıb, hətta qarşısı alınmadığı üçün epidemioloji hala çevrilib: 

“Ancaq müasir dövrdə xəstəliklərlə mübarizə üsulları da müasirləşib. Hazırda virusların yayılmasının qarşısı daha tez müddətdə alınır. İndi yoluxucu viruslara məruz qalanların 75-80 faizinin sağalma ehtimalı var. Ən əsası da odur ki, sözügedən virus Azərbaycanda epidemioloji hala çevrilməyib. Birbaşa cənab Prezidentin tapşırığı və təlimatları ilə ölkəmizdə mühüm tədbirlər görülüb. Xəstələr üçün müasir tibb standartlarına uyğun xüsusi saxlanma yerləri hazırlanıb, laboratoriyalar müəyyən olunub. Dərman preparatlarının və digər tibbi ləvazimatların alınması üçün dövlət başçının tapşırığı ilə 10 milyon vəsait ayrılıb. Ümumiyyətlə, səhiyyə infrastrukturu ilə bağlı olduqca mühüm işlər görülüb və görülməkdə davam edir. Qısa müddətdə 22 yeni xəstəxana tikələrək, istifadəyə verilib, 35 tibb müəssisəsi əsaslı təmir edilib. İnsanlar hər il pulsuz müayinədən keçirilir və regionlarda yaşayan insanların sağlamlığına xüsusi diqqət göstərilir. İrandan gələn insanlar nəzarətə götürülür və kiçik risk belə gözdən kənar qoyulmur”. 

S.Orucovun sözlərinə görə, hər məsələdə olduğu kimi ölkə başçısı bu cür xəstəliklərin yayılması ehtimalını da diqqətdə saxlayır: 

“Dövlət başçısının yayılan söz-söhbətə rəğmən, bölgələrə səfər etməsi, vətəndaşlarla görüşməsi Prezidentin öz xalqına və dövlətinə olan sevgisindən irəli gəlir. Dövlət başçısı bir neçə rayonda açılışlar həyata keçirir və şəxsən özü Azərbaycanın tibb infrastrukturu ilə bağlı əhaliyə yerindəcə maarifləndirici məlumatlar verir. Hökumət səviyyəsində də mühüm işlər görülür. Məktəb və universitetlərin bağlanması ehtiyat tədbirlərindən biridir. Bununla yanaşı, KİV-lər vasitəsi ilə daim maarifləndirici materiallar verilir, zəruri addımlar atılır. Ona görə də əhali arasında təşvişə və narahatlığa qətiyyən əsas yoxdur. Sadəcə, bütün vətəndaşlar ehtiyatlı olmalı, öz sağlamlıqlarının qeydinə qalmalıdır”.