Moskva görüşü də nəticəsiz qalacaq - TƏHLİL


 Elxan Şahinoğlu:“Belə olan halda Ərdoğan və Putin Suriya məsələsi ilə bağlı anlaşsalar belə, bu müvəqqəti xarakter daşıyacaq”

“Çünki maraqlar fərqlidir. Rusiya İdlibi terrorçuların son qalası hesab edir və bu şəhəri gec-tez ələ keçirməyi vacib sayır”




“Rusiya və Türkiyə prezidentləri sabah Moskvada görüşəcəklər. Hər iki tərəf görüşə ciddi hazırlaşır və hər iki tərəf bu görüşə qədər Suriyada mövqelərini gücləndirməyə çalışırlar”.

Bunu "Sherg.az"a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

Analitik bildirib ki, Türkiyə ordusu İdlib ətrafında Əsəd rejiminin mövqelərini darmadağın edir və sahədə əlini gücləndirir: 

“Buna cavab olaraq da Rusiya hərbi birlikləri Suriya silahlı müxalifətinin bir neçə gün əvvəl ələ keçirdiyi kiçik qəsəbələri yenidən nəzarət altına ala bilir. Sahədə güclü olan masada da güclü olacaq. Bəs Moskvada hansı nəticə hasil ola bilər? Türkiyənin əsas marağı odur ki, İdlib ətrafında yenidən atəşkəs elan olunsun. Əsəd rejiminə bağlı qüvvələr Soçi anlaşmasına uyğun olaraq geri çəkilsinlər. Rusiyanın isə marağı odur ki, Türkiyə Soçi anlaşmasına görə İdlibdə terrorçuları silahlı müxalifətdən ayırsın və terrorçular Rusiyanın yaxınlıqdakı hərbi bazasına hücumlar həyata keçirə bilməsinlər. Fərqli maraqlardır. Rusiya İdlibi terrorçuların son qalası hesab edir və bu şəhəri gec-tez ələ keçirməyi vacib sayır”. 



Analitikin firkincə, Türkiyə üçün İdlibdəki terrorçuları neytrallaşdırmaq çətindir: 

“Çünki, Suriyada 9 illik müharibədən sonra terrorçuların böyük əksəriyyəti İdlibdə toplanıb. Onların sayı on minlərlədir. Türkiyə onların hamısını neytrallaşdıra bilməz. Öz növbəsində terrorçular da təslim olmayacaqlar. Çünki anlayırlar ki, Əsəd rejiminə təslim olsalar, özlərini və ailələrini ölüm gözləyir. Ona görə də terrorçular savaşmağa üstünlük verirlər. Belə olan halda Ərdoğan və Putin Moskvada yenə nəyəsə anlaşsalar belə, bu müvəqqəti xarakter daşıyacaq”.