Başqa yol yox artıq: “Torpaqlarımızı azad etməliyik” - Politoloq


Tofiq Abbasov: “Düşmən bütün danışıqlardan yayınmağa çalışır. Onlar daha geniş arealda yayılmağa cəhd göstərirlər”

“Biz isə hansı yolla olursa, olsun ermənilərdən birdəfəlik canımızı qurtarmalıyıq”




Moskva Humanitar Universitetinin beynəlxalq münasibətlər və diplomatiya kafedrasının müdiri, Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan şöbəsinin keçmiş rəhbəri Nikolay Platoşkin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yeni təkliflə çıxış edib. N.Platoşkin bildirib ki, münaqişənin həlli ilə bağlı hazırkı variantlardan fərqli olan yollar axtarmaq lazımdır: 
“Ən real variantlardan biri işğal edilmiş 7 rayonun və Dağlıq Qarabağın bir hissəsinin Azərbaycana qaytarılmasıdır. Qarabağın digər hissəsi, eləcə də kommunikasiya üçün Laçın dəhlizi Ermənistanda qalır. Amerikalı analitik Pol Qobl 20 il əvvəl belə bir plan hazırlamışdı. Lakin Ermənistan İranla sərhəddən məhrum edilməməli və Laçın dəhlizi əvəzinə Meqri Azərbaycana verilməlidir”. 



Təklifi “Sherg.az”a şərh edən politoloq Tofiq Abbasov vurğulayıb ki, bir çox siyasətçi kimi Platoşkin də erməni tərəfinin haqsız olduğunu bilir: 

“Platoşkin çox ağıllı və praqmatik siyasətçidir. Mən dəqiq bilirəm ki, o, ermənipərəstdir. Ancaq bununla belə, səsləndirdiyi təklifdən Platoşkinin ədalət tərəfində olduğu hiss edilir”. 

  Ekspert düşünür ki, bu təkliflə razılaşmaq düşmən tərəfinə sərf etmir: 

“Tarix boyu biz ermənilərə dost kimi yanaşmışıq, çox yaxşılıqlar etmişik. Ancaq onlar bu fürsətlərin hər birindən bizim  əleyhimizə istifadə etdilər. Ölkəmizin ən dilbər guşəsi bu gün ermənilərin tapdağı altındadır. Əlbəttə, biz nə olursa, olsun torpaqlarımızı azad etməliyik. Düşmən isə bütün danışıqlardan yayınmağa çalışır. Onlar qondorma bir dövlət yaratdıqlarına görə ərazilərini genişləndirməyə, daha geniş arealda yayılmağa cəhd göstərirlər. Bu səbəbdən də düşünmürəm ki, rus politoloqun təklifi ilə razılaşsınlar. İndiyə kimi çox belə təkliflər səslənib”.

 T.Abbasov qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır:

“Prezident İlham Əliyevin də Münhen konfransında vurğuladığı kimi, əgər Xankəndi tarixi erməni torpaqları olsa idi niyə adını dəyişib Stepanakert qoyurdular? Deməli, onlar bizim torpaqlarımızı işğal ediblər. Və biz hansı yolla olursa, olsun ermənilərdən birdəfəlik canımızı qurtarmalıyıq”.