“Tarixə yeni baxış sərgiləyən romanlar yox dərəcəsindədir”–MÜSAHİBƏ


 “Bəzən tarixi əsər yazan adam anaxronizm nədir bilmir.  Yazıçı yanaşması, fərdi yanaşma yoxdur”


“Ölkədə dünya standartlarına uyğun çalışan nəşriyyat yoxdur”


“İllərin yazıçısına deyə bilməzsiniz ki, get başqa işlə məşğul ol. Yazıçı ölkənin mədəniyyətinə xidmət edir. O, dəyərlərin daşıyıcısıdır”


“Ədəbi tənqiddə çox təəssüflər olsun ki, dostbazlıq, tanışlıq əsas rol oynayır” 

“Ədəbiyyatın missiyası insanlığa xidmətdir. Bu da eyni zamanda maariflənmədən keçir”

“Bizdə yazıçıya münasibət bir qədər fərqlidir. Yazıçının itirilmiş nüfuzunu özünə qaytarmaq lazımdır”




Bu gün tanınmış yazıçı, şair və tərcüməçi Kənan Hacının doğum günüdür. Şair ömrünün 45-ci baharını yaşayır.  Xub, sevincli, sevgi dolu gündür onun üçün. Həm də yazıçının yeni romanı işıq üzü görüb. Bu da onun üçün ayrıca bir ekstazdır, bəlkə də. Biz də “Şərq” qəzeti olaraq şairin sevincinə sevinc qatmaq məqsədilə onunla ədəbiyyat söhbəti edib, həm təbrik etdik, həm də sual doğuran ədəbi proseslərə işıq saldıq. 

Söhbəti təqdim edirik. 

-Səhhətiniz necədi?

-Hələ ki, nəfəs gəlib gedir.

-Allah kömək olsun!

-Çox sağ olun

-Bu gün doğum gününüzdür. 45-ə salam deyirsiniz. (Bu, klassik sual ola bilər, amma bəzən klassika elə bu günün özü olur, yəni keçmiş həmişə indidir) Ötən illər sizə nə verib və nə alıb? Verdiklərimi çoxdu, aldıqlarımı?

-Ötən illər gəncliyimi alıb. Gəncliyimi qaytarmaq üçün hər şeyi qurban verərdim. Amma təəssüf ki, həyat bir dəfə yaşanır. Bu da deyəsən klassik cavab oldu. (gülür)


-“Hacı İsgəndər” adlı yeni romanınız işıq üzü görüb... Bu roman necə oldu ərsəyə geldi? Onun üzərində neçə il işlədiniz və nədən bəhs edir?

-Hacı İsgəndər real tarixi şəxsiyyət olub və onun həyatı millətinin azadlıq uğrunda mübarizəsinə, maarifinə, təhsilinə həsr olunub. Özü üçün yaşamayıb bu adam. Buzovna qəsəbəsində balıq vətəgələri olub, qazancını kasıb insanlara xərcləyib. Ötən əsrin əvvəllərində kənd yolları bədbad gündəymiş, öz vəsaiti hesabına yollara küçə fənərləri düzdürüb. Məktəb, məscid tikdirib, özü də müəllimlik edib. Nəhayət, Qafqaz İslam Ordusu Bakıya gələndə kənddə kazarma tikdirib, özünümüdafiə dəstələri yaradaraq Təmənnis deyilən yerdə səngərlər qazdırıb, ermənilərə qarşı döyüşüb. Nuru Paşa onun bu qeyri-adi xarakterinə heyran qalıbmış ki, bu cür əyilməz, sərt, sərkərdə hərbi təhsili olmadan əsl komandir kimi döyüşə başçılıq edə bilirmiş. Onun o dövrdə Azərbaycana rəhbərlik etmiş Ruhulla Axundovla, Hacı Zeynalabdin Tağıyevlə, Ağa Musa Nağıyevlə, Əlimərdan bəy Topçubaşovla çox yaxın əlaqələri olub. 1937-ci ildə repressiyaya məruz qalıb, onu erməni müstəntiq sorğu-suala tutub. İşgəncələr veriblər, amma heç bir məlumat ala bilməyiblər. Öldürəndən sonra da meyidini ailəsinə verməyiblər.

-Bu məlumatları hansı mənbələrdən əldə etmisiniz?

-Uzun illərdir, Hacı İsgəndər haqqında məlumatlar toplayırdım. Buzovna qəsəbəsinin axundu, ilahiyyatçı alim Hacı Soltan məlumatların toplanmasında mənə yardımçı oldu. Yeri gəlmişkən, Hacı İsgəndər haqqında ilk məlumat Hacı Soltanın 1996-cı ildə nəşr olunmuş "Azərbaycan dərvişləri və rövzəxanları" kitabında gedib. Onun yaşadığı binaya barelyefinin vurulmasında da onun böyük xidməti olub. 

-Bunu tarixi roman adlandıra bilərikmi?

-Əlbəttə, əsər son dərəcə mürəkkəb, xalqımızın taleyində həlledici tarixi dövrü əks etdirir. Yaşlı kənd adamları onunla bağlı mənə xatirələr danışıblar. Hacı Soltan mənə son dərəcə əhəmiyyətli məlumatlar verdi. Eyni zamanda, mən 1918-1920-ci illər, eləcə də ondan sonrakı ziddiyyətli dövrlə bağlı 100-dən çox kitab oxudum. Araşdırdım, məlumatları, faktları dəqiqləşdirdim. Roman birbaşa tarixi faktlar əsasında yazılıb və təbii ki, yazıçı təxəyyülündən də geniş istifadə olunub. Axı hadisələr ötən əsrin əvvəllərində baş verir.

- İddialar var ki, Azərbaycanda tarixi romançılıq az və ya zəif inkişaf edib. Razısınızmı?

-Mən belə düşünmürəm. Son illər xeyli tarixi romanlar yazılıb. Məsələn, Elçin Hüseynbəylinin bir neçə tarixi romanını oxumuşam. Xüsusən "Yenə iki od arasında" romanını çox bəyəndim. Böyük yazıçımız Yusif Vəzir Çəmənzəminlinin həyatından bəhs edir. Əla əsərdir. Yunus Oğuzun "Səfəvi şeyxi" romanını oxudum. Olduqca dəyərli romandır. Tarixi romanlar yazılır. Sabir Rüstəmxanlının tarixi romanlarını, "Difai fədailəri", "Şair və şər" əsərlərini deyə bilərəm. Amma tarixə fərqli prizmadan yanaşan əsərlər çox azdır. Tarixə yeni baxış sərgiləyən romanlar yox dərəcəsindədir. Bəzən tarixi roman yazan adam anaxronizm nədir bilmir. Oxucuya tarixi xronika lazım deyil axı, onu tarix dərsliyindən oxuyur da. Yazıçı yanaşması, fərdi yanaşma yoxdur. Çox istərdim ki, məsələn kimsə hansısa tarixi şəxsiyyətdən yazırsa, özünün gördüyü tarixi şəxsiyyəti yazsın.

- “Hacı İsgəndər”də gördüyünüz tarixi şəxsiyyəti yaza bilmisinizmi? 

-Bəli, romanda Hacı İsgəndəri bu cür görmüşəm və bu cür də təqdim etmişəm. Tarixi faktları təhrif etmədən. Əsərdə xeyli mistik məqamlar var ki, bu, mənim öz yanaşmalarımdır. Yaratdığım obrazın daxili dünyasını tam açmaq üçün bu üsuldan istifadə etmişəm.

-“Azərbaycanda ədəbiyyat yaranmır və ya feysbuk ədəbiyyatı formalaşır ki, bunu da ciddi ədəbiyyat hesab etmək olmaz” düşüncəsi sizdə hansı assosiasiya doğurur? 

-"Azərbaycanda ədəbiyyat yaranmır" deyənlər yəqin Aydan gəliblər. Bu qədər əsərlər yazılır, kitablar nəşr olunur. Azərbaycan yazıçılarının əsərləri dünyaya çıxır.  Məsələn, Şərif Ağayarın, Mübariz Örənin romanları Fransada nüfuzlu bir nəşriyyat tərəfindən çapa hazırlanır. Fərid Hüseynin kitabı ABŞ-da çap olundu. Mənim "Fironun dəftəri" romanım İranda nəşr edildi. Bir kitabım da yaxın günlərdə Türkiyədə çıxacaq. Feyzbuk açıq və sərbəst meydandır. Peşəkar oxucu orda da ciddi ilə qeyri-ciddini ayırd edə bilir. Buna görə narahat olmağa dəyməz.
Çox ciddi əsərlər yaranır bu gün.

- 3-4 əsərin hansısa dilə tərcüməsi hələ xaricə çıxmaq deyil, məncə. Axı əsər hadisə yaratmalıdır. Onu tərcümə olunduğu dilin daşıyıcıları əl-əl axtarmalıdır. Necə ki, biz Viktor Üqo, Mopassan, Emil Zola, Russo, Kamyu və başqalarının əsərlərini axtarmışıq, axtarırıq və axtaracağıq... Mən ədəbiyyat nümunəsi deyəndə belə mətnləri nəzərdə tuturam... Yəni hansısa kitabın əcnəbi dilə tərcümə olunub rəfdə qalması hələ ədəbi hadisə sayılmamalıdır, zənnimcə... 

-Axı 10 il əvvəl heç bu da yox idi. Üstəgəl, tək 3 əsər deyil, yadıma düşənləri dedim. Xalq yazıçısı Afaq Məsudun əsərləri bir neçə Avropa ölkəsində çap olunub. Eləcə də digər yazıçılarımızın əsərləri xarici ölkələrdə çap olunur. Mən optimistəm.

-Bəziləri bildirir ki, dolanmalarından, qonorarın azlığından şikayət edən yazıçılar, şairlər zəhmət çəkib, başqa iş tapıb işləsinlər. Ümumiyyətlə, indiki dövrdə qələm adamlarının qonorarla dolanması mümkündürmü? 

-Yazıçılıq sənətdir. Həkim, müəllim, mühəndis peşəsi kimi. Yazıçı oturub əsərini yazmalıdır.  Kitab sənayesi qaydasında olsa, yazıçı kitablarından yaxşı qonorar ala bilər. Amma nədənsə bu, heç kimin marağında deyil. Ölkədə dünya standartlarına uyğun çalışan nəşriyyat yoxdur. Nəşriyyat yazıçı ilə müqavilə bağlayıb ona qonorar verməli, əsər sifariş verməlidir. Varmı ölkədə belə bir nəşriyyat?
Yoxdur. Amma ən yaxın qonşularımız olan Gürcüstanda iri şirkətlər illik gəlirinin 1 faizini ədəbiyyata ayırırlar. Bu da ədəbiyyatın inkişafına xidmət edir.
Gənc gürcü yazıçılarının əsərləri xarici dillərə tərcümə olunub dünya kitab bazarına çıxır. Biz sadəcə, ehtimal olunan oxucudan və ehtimal olunan nəşriyyatdan danışa bilərik. 

-Əyalətlərdə heç kitab mağazaları yoxdur... 

-Kitabxanalar ölkə nəşriyyatlarında hansı kitabların çıxdığından xəbərsizdir. Bir sözlə, bu sahə bərbad gündədir. Siz illərin yazıçısına deyə bilməzsiniz ki, get başqa işlə məşğul ol. Yazıçı ölkənin mədəniyyətinə xidmət edir. O, dəyərlərin daşıyıcısıdır. Onun ölkəsini həm də yazılı ədəbiyyat dünyaya təqdim edir. Yazıçını məişət qayğıları məşğul etməməlidir.

-İstər ədəbi düşüncə, istərsə də mətn yaradıcılığı baxımından gənc şair və yazıçılardan razısınızmı? Yeni nəfəslər təzə ruhlu mətnlər yarada bilirlərmi?

-İstedadlı gənclər var. Fərid Hüseyn öz stixiyası olan şairdir. Rauf Qədim var, cəmi 19 yaşı var, şeirləri heyrət doğurur. Nemət Mətin, Nicat Həşimzadə, Elvin Rizvangil,  Nəcəf Əsgərzadə diqqətçəkən imzalardır. Nemət Mətinin hekayələri haqda professor Cavanşir Yusifli yazı da yazmışdı. Bu gənclər dövrün, mühitin mənzərəsini ədəbiyyata gətirməyi bacarırlar. Ümid Nəccari, Fuad Cəfərli çox gözəl şairlərdir. Sərdar Aminin sonuncu romanı məni sevindirdi. "Su sərgisi". Yeni nəfəs gəlir, ədəbiyyat yenilənir.  Rəvan Cavid məsələn. Çox istedadlı gəncdir.
Onun şeirləri ciddi poeziya nümunələridir. Çox adlar çəkə bilərəm.Yəni vəziyyət qənaətbəxşdir. Mən o imzaları xatırlatdım ki ədəbi prosesdə diqqət çəkirlər.

-Ədəbiyyat nümayəndələri arasında bir parçalanma, bir -birini bəyənməmə, inkar etmə halı var. Bu aydın müşahidə olunur. Cəbhələnmənin səbəbi nədir?

-Bu, bütün dünyada belədir. Əslində cəbhələşmə normaldır. Amma sağlam, ədəbi müstəvidə olmaq şərtilə. Eyni nəzəri fikrin ətrafında birləşən ədəbi klubların olması sağlam rəqabəti şərtləndirir. Amma bəyənməmək azarı keçicidir. Sağalacaqlar. (gülür)

-Ədəbi tənqidin səviyyəsi nə yerdədir? Ciddi ədəbi tənqid varmı?

-Ədəbi tənqiddə çox təəssüflər olsun ki, dostbazlıq, tanışlıq əsas rol oynayır. Amma qələminə böyük hörmət bəslədiyim tənqidçilər var ki, onlar mütəmadi ədəbi prosesi izləyib ciddi mətnlər haqda fikir bildirirlər. Məsələn, Elnarə Akimova, Cavanşir Yusifli, Tehran Əlişanoğlu kimi dəyərli tənqidçilərimiz var ki, onların sözünə həmişə ehtiyac var. Əsəd Cahangir çox ciddi tənqidçidir. Amma nədənsə son zamanlar imzası az-az görünür. Onun "Söz", "Dəmirbaşlar", "Kim yatmış, kim oyaq" tipli yazıları ədəbi prosesə yön verirdi. O cür yazılar yazmağını istərdim.

-Gənc həmkarlarınız dəfələrlə hətta açıq kontekstlə söyləyirlər ki, ədəbiyyat maarifləndirmə üçün deyil, sənət sənət üçündür. Yəni iddia edirlər ki, ədəbiyyatın maarifləndirmə kimi bir missiyası yoxdur. Sizcə, doğrudanmı ədəbiyyatın maarifləndirmə missiyası çağdaş dövrdə başa çatıb?

-XIX əsrin sonları, XX əsrin əvvəllərində sənət burjuaziyanı əyləndirmək üçün idi. Sənətin mahiyyətində bir kütləvilik var. Amma sözsüz ki, elitar sənət həmişə kütlədən, kütlə zövqündən üstdə dayanır. Bunların arasında incə bir xətt var. O ki, qaldı ədəbiyyatın missiyasına, bəli, ədəbiyyatın missiyası insanlığa xidmətdir. Bu da eyni zamanda maariflənmədən keçir.
Bir məsələ də var. Ədəbiyyat ən azad sənətdir və onun hər hansı bir öhdəliyi də yoxdur. Sadəcə, yazıçı vicdanı deyilən bir məfhum var. Hər şeyi vicdan tənzimləyir. Yazıçının vicdanı ədəbiyyatın missiyasını müəyyən edir. Yazıçı ilk növbədə mənsub olduğu xalqın kültürünü bədii mətnə daşıyandır həm də.
Köksüz yazıçı olmur, ədəbiyyatda kosmopolit düşüncənin əleyhinəyəm.

-"Ədəbiyyatda kosmopolit düşüncənin əleyhinəyəm" bu yanaşmanı sərgiləyənlərə bəzən ədəbi zövqsüz adam kimi  yanaşırlar...

-Qoy məni zövqsüz adam hesab etsinlər. Mən dünya ədəbiyyatını mütaliə etmiş adamam.  Nə dediyimi çox yaxşı bilirəm.

-Dediniz ki, dünya ədəbiyyatını oxumusunuz, o ədəbiyyatla bizim ədəbiyyatın  fərqi nədir?

-Bu sual geniş və əhatəli cavab tələb edir. Müxtəlif səbəbləri var. Məsələn, Fransa insanı tamam başqa təbiətə malikdir. Azərbaycan insanı Şərq genotipinin daşıyıcısıdır və emosional davranır bütün sahələrdə. Yəni genetik kodlar məsələsi var. Əslində biz informasiya burulğanında sanki özümüzü itirmiş kimiyik. İctimai məsələlərə deyil, fərdi problemlərə çox aqressiv yanaşırıq. Şərq insanı kiminsə başına gəlmiş hadisədən sanki sadistcəsinə həzz alır. Bunun özü elə zövqsüzlüyün dibidir. Həyatımızdakı boşluqlar bu səbəbi yaradır. Dünya ədəbiyyatı deyəndə o ədəbiyyatın içində Azərbaycan da var. Biz də dünyanın bir tərkib hissəsiyik.  Dünya ədəbiyyatının mənzərəsi necədirsə, bizdə də elədir. Fərq bircə ondadır ki, bizdə yazıçıya münasibət bir qədər fərqlidir. Bu haqda bayaq danışdıq.Yazıçının itirilmiş nüfuzunu özünə qaytarmaq lazımdır.

-Ədəbi media orqanlarının sayı, fəaliyyəti sizi qane edirmi və onlar bütün ədəbiyyat adamlarının tribunasına çevrilə biliblərmi, yoxsa orada da dost-aşna məsələsi özünü göstərir?

-Könül istərdi ki, ədəbi qəzetlərin sayı çox olsun. Fərqli nəzəri düşüncələri təmsil edən ədəbi penklubların dərgiləri olsun. Ədəbi saytlar var, gündəlik izləyirəm. Kulis.az, Sim-sim. az ədəbi portallarında zamanında redaktor kimi çalışmışam. Bu gün də onları izləyirəm. Çox gərəkli işlər görürlər. Artkaspi.az, Manera.az, Edebiyyat.az, Yarpaq.az saytları ədəbiyyata xidmət edən sağlam portallardır. Çap məsələsində də məncə, problem olmamalıdır.