Deputat maska, spirt işbazlarını kəskin qınadı: “...Mübarizə aparılır”

Fazil Mustafa:“Prezident İlham Əliyevin də möhtəkirliyə qarşı sərt çıxışı göstərdi ki, koronavirusdan qorunmaq üçün kompleks tədbirlər həyata keçirilməlidir”

“Heç kim öz mənfəəti üçün bu vəziyyətdən istifadə etməməlidir”



 Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancın İTV-yə koronavirusla bağlı müsahibə verib. O, Azərbaycanın aidiyyəti orqanlarının bu məsələ ilə bağlı çox şəffaf, açıq fəaliyyət göstərdiklərini deyib. ÜST nümayəndəsi bildirib ki, Azərbaycan hökuməti ölkədə koronavirusa ilk yoluxma halı müəyyənləşən kimi Ümumdünya Səhiyyə Təşkilatına müvafiq məlumat verilməklə düzgün addım atıb:
“Aidiyyəti orqanlar, o cümlədən Səhiyyə Nazirliyi və TƏBİB çox şəffaf və açıq fəaliyyət göstərirlər. İlk yoluxma halı müəyyən olunduqdan bir gün sonra mətbuat konfransı keçirildi. Bir saata yaxın müddətdə mətbuat nümayəndələrinin bütün sualları cavablandırıldı. Bütün informasiyalar paylaşıldı, Azərbaycan hökuməti bu mövzuya çox açıq yanaşdı, ÜST-ü, əhalini məlumatlandırdı. Məlumat azlığının əhali arasında təşviş yarada biləcəyi nəzərə alındı”. 


ÜST nümayəndəsinin fikirlərinə münasibət bildirən millət vəkili Fazil Mustafa “Sherg.az”a ölkəmizdə koronavirusla bağlı həyata keçirilən işlərin təqdirəlayiq olduğunu deyib:

“Koronavirusun Azərbaycanda yayılmasının qarşısını almaq üçün dövlət səviyyəsində tədbirlər görülür. Mən bu sahənin eksperti olmadığıma görə görülən işlərin effekti barədə heç nə deyə bilmərəm. Ancaq atılan addımların əhalinin maarifləndirilməsi, ictimaiyyət arasında lazımsız həyəcanın azaldılması istəqamətində mühüm əhəmiyyəti var. Mütəmadi olaraq rəsmi şəxslərin açıqlama verməsi də çox yaxşı haldır”. 

 Bununla yanaşı, parlamentari qeyd edib ki, fövqəladə vəziyyətdən sui-istifadə edən işbazlara qarşı da mübarizə aparılır:

“Prezident İlham Əliyevin də möhtəkirliyə qarşı sərt çıxışı göstərdi ki, koronavirusdan qorunmaq üçün kompleks tədbirlər həyata keçirilməlidir. Heç kim öz mənfəəti üçün bu vəziyyətdən istifadə etməməlidir”.